Dünyanın tropik bölgələrində geniş yayılmış meyvə bitkisidir. Meyvələri yüksək qida və dad keyfiyyətinə malikdir. Meyvə lətində 12-15 faiz şəkər, üzvi turşular, mineral duzlar, vitaminlər və digər əhəmiyyətli maddələr vardır. Ananas meyvələri təzə halda yeyilməklə bərabər o həm də emal olunur. Ondan dondurulmuş kompotlar, spirtli içkilər, cem və digər məhsullar hazırlanır. Emaldan qalan tullantılar heyvanlar üçün yem və limon turşusu istehsalı üçün istifadə edilir. Ananas Bromeliyakimilər fəsiləsinə aid olub 1000-ə qədər növü olduğu güman edilir. Bunlardan bir növü mədəni halda becərilir (Şəkil 1.72). Becərilən ananas sortları iki qrupa bölünür: təzə halda yeyiləni Kuin, İspan qırmızısı sortları, emal üçün istifadə olunanı isə Kayena sortudur. Qeyd olunan sortlardan başqa, Abakka, Vermello, San Miqel, Kabezona, Sinqapur və s. sortları da becərilir.
1.8.4. Manqo tropik meyvə bitkisi
|
Çox qiymətli meyvə bitkisidir. Meyvələri yüksək dad və qida əhəmiyyətlidir. Meyvənin tərkibinin 60-70 faizini yeyilən hissə təşkil edir. Meyvələrdə 84 faiz su, 10-20 faiz şəkər (əsasən, saxaroza), üzvi turşular 0,1-0,8 faiz, zülal 0,5 faiz vardır. Tərkibində A, B, və C vitaminləri çoxdur (Şəkil 1.73). Meyvələri tam yetişdikdən sonra təzə halda və emal olunmuş şəkildə istifadə olunur. Meyvələrindən şirə, cem və müxtəlif konserv məhsulları hazırlanmasında istifadə edilir. Əsasən, Asiya, Mərkəzi və Cənubi Amerika, Afrika qitəsi ölkələrində becərilir. Manqo, Sumaxkimilər fəsiləsinə aid olub tropik ölkələrdə yayılmış 40-dan çox növə malikdir. Ən çox yayılmış növü Hind Manqosudur. Bu növ 6 min ildən çoxdur ki, Hindistanda becərilir. Hindistanda manqonun 1500, İndoneziyada 900 sortu məlumdur. Ən çox yayılan sortları Alfonso, Mildoya, İrvin, Kambadiana, Piç, Nette, Sanderşa, Kent, Xaden, Qadanq, Kensiqton, Sinbaunq və s. sortlarıdır. |