Dünyanın ən qədim meyvə bitkilərindən hesab edilir. Meyvələri yüksək qidalılıq xüsusiyyətinə malikdir. Tam yetişmiş meyvələrində 20-23 faiz su, 26-65 faiz şəkər, 1,9-30 faiz zülal, 1,0-2,5 faiz kül elementi, A, B, E vitaminləri vardır. Xurma başlıca olaraq Asiya, Afrika və Amerika qitəsində yayılıb. Xurma Palmakimilər fəsiləsinə aid olmaqla dünyanın tropik və subtropik bölgələrində yayılmış 12 növü məlumdur. Qonşu İran İslam Respublikasında əsl xurmanın Şahanə, Givani, Xostayo, Təbrizi kimi sortları geniş becərilir. Meyvələri oktyabrda yetişir.
Banan Asiya və Latın Amerikası ölkələrində geniş ərazilərdə becərilir. Tropik meyvə bitkiləri içərisində daha çox istifadə olunan bitkidir. Banan meyvələri yüksək kalorili olduğundan dünyanın əksər bölgələrində milyonlarla əhalinin əsas qida məhsuludur (Şəkil 1.70). Meyvələrin tərkibində qida maddələri ilə bərabər A, B1, B2 və C vitaminləri də var. Yetişmiş banan meyvələri təzə halda yeyilir, qurudulur və ondan pivə hazırlanır. Bananın 3 növü mədəni halda becərilir. Bütün banan növləri çoxillik ot bitkiləridir. Bananın dünya üzrə 300-ə qədər sortu var. Onlardan 60 sortu Hindistanda, 70-dən artıq sortu isə Şərqi Afrikada və Madaqaskar adasında becərilir. Ən geniş yayılan və xarici ölkələrə satılan sort Qro-Mişel və Karlik Kavendiş sortudur (Şəkil 1.71).