1.7.3. Firəng üzümü giləmeyvə bitkisi
Qiymətli giləmeyvə bitkisi olan firəng üzümü respublikamızda həyətyanı sahələrdə geniş becərilir. Bu bitkiyə bəzən rus üzümü və ya mot-motu da deyirlər. Meyvələrinin tərkibində 8-11 faiz şəkər, 1,2-1,9 faiz turşu, 0,35-1,13 faiz azotlu maddə, 0,2-0,67 faiz kül elementi vardır. Həmçinin, tərkibi C, B1, B2, B9, PP və E vitaminləri ilə də zəngindir (Şəkil 1.64). Vitaminlərlə zənginliyinə görə firəng üzümü çiyələklə birgə giləmeyvəli bitkilər arasında, qara qarağatdan sonra ikinci yerdə durur. Meyvələri təzə halda yeyilir və ondan kompot, cem, mürəbbə, şərab hazırlanır. Eyni zamanda bir çox xəstəliklərin müalicəsində də istifadə edilir. Firəng üzümünün 52 növü var. Bunlardan keçmiş SSRİ ərazisində yabanı halda 3 növə rast gəlinirdi. Mədəni halda isə becəriləni adi və ya Avropa firəng üzümü növüdür. Firəng üzümünün sortları çoxdur. Respublikamızın dağlıq və dağətəyi rayonlarında becərilmək üçün Avenarius, Brazilskiy, Varşavskiy, Zelyonıy butıloçnıy (Şəkil 1.65) və Finik (Qoliaf 8) sortlar tövsiyə olunur.
1.7.4. Moruq giləmeyvə bitkisi
Moruq qiymətli giləmeyvə bitkisidir. Ətirli, zəngin kimyəvi tərkibi və dadlı meyvələri ona çox qədimdən böyük şöhrət qazandırmışdır. Moruq meyvələrində 10-12 faiz şəkər, 0,62-2,17 faiz turşu, C, B9, B12 vitaminləri və digər üzvi maddələr vardır. Moruq meyvələrindən təzə halda istifadə olunmaqdan başqa, ondan mürəbbə, şirə, püre, spirtli və spirtsiz içkilər hazırlanır. Moruq gülçiçəklilər fəsiləsinə aid olub 600-dən artıq növü becərilir (Şəkil 1.66). Adi moruq Rusiyada, Ukraynada, Belorusiyada, Qafqazda, Orta Asiyada, Qərbi Avropa ölkələrində geniş yayılmışdır. Respublikamızda becərilmək üçün moruğun Visluxa (Şəkil 1.67), Qoliaf, Krimzon-Mammut, Malbora, Novost Kuzmina və Smena sortları tövsiyə edilir |