Qarağat meyvələri yüksək keyfiyyətinə və vitaminlərlə zənginliyinə görə böyük şöhrət qazanmışdır (Şəkil 1.61). Qarağat meyvələrində quru maddənin miqdarı 12,8-23,5 faiz təşkil edir. Tərkibi 10-12 faiz şəkərlə, digər üzvü maddələrlə və C, A, B1, B2, B6, K, E, PP vitaminlərlə zəngindir. Qarağat meyvəsi təzə halda yeyilir, onlardan püre, mürəbbə, marmelad, şirə, limonad, konfet, şərab və s. hazırlanır. Bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Qarağatın 150–ə qədər növü olduğu güman olunur, bunlardan 37 növü keçmiş SSRİ məkanında yabanı halda yayılmışdır. Keçmiş SSRİ-də qara qarağatın 64, qırmızı qarağatın 19 sortu yayılmışdır. Respublikamızda qarağatın geniş plantasiyaları (əkin sahələri) olmasa da, ölkənin dağlıq və dağətəyi rayonlarında becərmək üçün aşağıdakı sortları məsləhət görülür.
Qara qarağat sortları - Qoliaf, Lakston, Məhsuldar Liya (Şəkil 1.62).
Qırmızı qarağat sortları - Laturnays, Məhsuldar Fayya, Versal qırmızısı, Hollandiya ağı (Şəkil 1.63).