Bu qrupa daxil olan bitkilər meyvələrinin gilə formasında olması ilə fərqlənir. Giləmeyvədə toxum birbaşa lətli-şirəli hissənin içərisində yerləşir. Giləmeyvələr, adi halda uzun müddət saxlanmaya və nəqliyyata davamsızdır. Məhsul tez yetişir, az ömürlüdür. Gödək boylu olduqları üçün şaxtalı rayonlarda da geniş becərilə bilir. Giləmeyvəli bitkilərə çiyələk, qarağat, firəng üzümü, moruq, böyürtkən və aktimidiya aid edilir. Bunlardan bir qismi yalnız mədəni halda, digər qismi isə yabanı halda yayılmaqla (moruq, böyürtkən) becərilir.
Qiymətli giləmeyvə bitkilərindən olan çiyələk ölkəmizdə geniş yayılmışdır. Onun tərkibində şəkər 4,5-9,9 faiz, üzvi turşu 0,75-1,5 faiz, azotlu maddə 0,9-1,7 faiz, zülal 1,-1,5 faiz, kül elementi 0,4-0,8 faiz, C vitamini 30-100 mq faiz və digər vitaminlər vardır. Çiyələk meyvələri təzə halda yeyilir və ondan müxtəlif məmulatlar (mürəbbə, povidlo, spirtli içkilər və s.) hazırlanır (Şəkil 1.58). Çiyələk gülçiçəklikimilər fəsiləsinə aiddir, növləri çoxdur və onların sayı 20-25 arasındadır. Bu növlərin əksəriyyəti Amerika qitəsində, Asiyada və qismən Avropada yayılmışdır. MDB-də 7 növünə rast gəlinir. Bunlardan 6 növü yabanı, 1 növü isə mədəni halda yayılmışdır. Azərbaycanda yabanı halda 1 növü yayılıb. Çiyələk sortları dünya miqyasında 10 mindən çoxdur. Bunlardan respublikamızda daha geniş yayılanları Madam Muto (Şəkil 1.59), Festival, Misovka, Komsomolka, Talisman, Zenqa-Zenqana sortlarıdır (Şəkil 1.60).