MDB-də sitrus bitkiləri içərisində ən geniş yayılanı narıngidir. Dünya miqyasında istehsala görə yalnız portağaldan geri qalır. Sortlardan asılı olaraq kimyəvi tərkibi müxtəlifdir. Bütün sortlar yüksək vitaminlidir. 2-3 metr hündürlükdə olub seyrək və dağınıq çətirə malik kol tipli ağacdır. Meyvələri sortlardan asılı olaraq xırda, orta və iri olur. Meyvə qabığı, parlaq narıncı-sarı rəngli, şirin, turşməzə tamlıdır. Əksər meyvələri toxumsuz olur. Narıngi qışda yarpaqlarını tökməyən bitkidir (Şəkil 1.53). Narıngi sortları əmələgəlmə və yayılmasına görə müxtəlif olduqlarından onlar torlu narıngi növü daxilində 7 qrupa ayrılır. Ən geniş yayılan sortları Kovano-vase (Şəkil 1.54), Ovari, Silverxil, Klementin (Şəkil 1.55), Pioner 80, Soçiniskiy 23-dür. Narınginin çiçəkləməsi aprel-may aylarından iyunun sonuna qədər, meyvələrinin yetişməsi isə sortlardan asılı olaraq oktyabrdan dekabrın sonuna qədər davam edir.
Dünyada sitruslar içərisində ən geniş yayılmış növdür. Zəngin kimyəvi tərkibə, ətirli-şirəli meyvələrə malik portağal Yer kürəsinin əksər rayonlarında tanınır. Şəkərliliyinə görə sitrus meyvələri içərisində birinci yerdə durur. Meyvəsində müxtəlif şəkər, mineral maddələr və vitaminlər vardır. Portağalın meyvələrindən təzə halda istifadə edilir (Şəkil 1.56).