1.5.2.2. Feyxoa subtropik meyvə bitkisi
Feyxoa digər subtropik bitkilərlə müqayisədə nisbətən cavandır və az yayılıb. Meyvələri xüsusi tamı və ətri ilə fərqlənir. Meyvələrindən həm təzə halda istifadə edilir və həm də bir sıra məhsullar - mürəbbə, cem, kompot, şirə və likör hazırlanır. Feyxoa meyvələrinin tərkibində 4-12,0 faiz şəkər, 1,5-3,0 faiz turşu, 0,45-0,79 faiz dabbaq maddəsi, 0,7-8,5 faiz pektin, 20-40 mq faiz yod, 22,7-46,0 mq faiz C vitamini vardır (Şəkil 1.49). Feyxoa Mərsinçiçəklilər fəsiləsinə aid olub üç növü var. Bunlardan mədəni halda yalnız bir növü becərilir. Feyxoanın geniş yayılmış bir sıra sortları və formaları mövcuddur. Ölkəmizdə rayonlaşdırılmış sortları bunlardır: Nikitiskiy, Pervenets, Svetliy, Buqristıy, krupnoplodnıy, Ranniy aromatnıy. Meyvələri oktyabr, noyabr aylarında yetişir. |
1.5.2.3. Yapon əzgili subtropik meyvə bitkisi
Ağaclarının gözəl görkəmli və meyvələrinin keyfiyyətli olmalarına görə yapon əzgili geniş yayılmışdır. Meyvələrindən təzə halda və həmçinin, mürəbbə, kompot, povidlo, cem və s. hazırlanmaqla istifadə edilir. Meyvələrinin tərkibində 87,5-90,2 faiz su, 0,23-1,36 faiz alma turşusu, 10,6 mq faiz C vitamini, 7-14,2 faiz şəkər vardır (Şəkil 1.50). Yapon əzgili gülçiçəklikimilər fəsiləsinə aiddir. Yalnız bir növü - Yapon əzgili geniş yayılmışdır. Ölkəmizdə və xüsusən, Qara dəniz sahili rayonlarında əzgilin xaricdən gətirilmiş bir sıra sortları becərilir. Onlardan daha qiymətli, məhsuldar olanı Tanaka, Komun, Şampan, Fales, Preymer, Seyles sortları becərilmək üçün tövsiyə edilir. Digər meyvə bitkilərindən fərqli olaraq əzgil bitkisi yazda deyil, oktyabr-dekabr aylarında çiçəkləyir, meyvələri mayda, iyunda yetişir. |