Azmina qiymətli meyvə bitkisidir. Meyvələrində orta hesabla 74,3 faiz su, 0,24 faiz turşu, 2,1-5,8 faiz şəkər, 0,65 faiz zülal və digər maddələr vardır. Meyvəsindən müxtəlif yeməklərin və qənnadı məmulatlarının hazırlanmasında istifadə edilir. Azmina, Anonakimilər fəsiləsinə aiddir. Bir növünə yabanı halda ABŞ-ın sıx meşələrində rast gəlinir. Meyvələri sentyabr-oktyabrda yetişir və saxlanmaya az davamlıdır.
1.5.2. Qışda yarpaqlarını tökməyən subtropik meyvə bitkiləri
1.5.2.1. Zeytun subtropik meyvə bitkisi
Qədim tarixə malik olan zeytun meyvələrinin qida əhəmiyyətinə görə yüksək qiymətli və geniş yayılmış bitkidir (Şəkil 1.47). Zeytunun meyvələrinin tərkibində 44,8-72,4 faiz yağ, müxtəlif şəkər, zülal, mineral duzlar, vitaminlər və s. vardır. Zeytun meyvələrindən alınmış yağ yüksək kalorili olmaqla orqanizm tərəfindən asan mənimsənildiyindən həm qida, həm də tibbi əhəmiyyətə malikdir. Zeytun meyvələri emal edilmiş halda şorabaya qoyulur. Zeytunun 80-dən çox növü məlumdur. Bunlar dünyanın tropik və subtropik ölkələrində yayılmışdır. Zeytunun bir növü Avropa zeytunu keçmiş SSRİ ərazisində becərilirdi. Zeytunun keçmiş SSRİ-də yaradılmış və xaricdən gətirilmiş 100-dən çox sortu vardır. Azərbaycanda daha geniş yayılan sortları Azərbaycan, Şirin zeytun, Buzovna, Nikitskiy №-1 (Şəkil 1.48), Nikitskiy №-2, Nikitskiy №-3, Tiflis, Askolyano, Santa-katorina sortlarıdır. Sortdan asılı olaraq meyvələri oktyabr, noyabr, dekabr aylarında yetişir. |