1.5.1.3. Əncir subtropik meyvə bitkisi
Əncir qədim tarixə malik subtropik meyvə bitkisidir. Meyvələrindən təzə və qurudulmuş halda istifadə edilir. Əncir meyvələrindən şirə, doşab, kompot, cem, povidlo, mürəbbə, şərab və s. hazırlanır (Şəkil 1.45). Qurudulmuş meyvələri uzun müddət saxlanmaya və nəqliyyata davamlıdır. Quru meyvələrin də 55-70 faizə qədər şəkər olur. Meyvələrinin tərkibində asan mənimsənilən 9-28 faiz şəkər, 0,9-1,9 faiz zülal, 0,22-0,71 faiz turşu, C, B1, B2, A vitamini vardır. Əncir tutkimilər fəsiləsinə aiddir. Yer kürəsinin tropik və subtropik bölgələrində 1000-ə qədər növü yayılmışdır. Ölkəmizdə daha geniş yayılanı Adi əncir növü yabanı halda Şərqi Qafqaz, Orta Asiya, İran, Kiçik Asiya, Hindistan və Əfqanıstandada yayılmışdır. Əncir sortları çoxdur. Ölkəmizdə yerli və gəlmə sortlar - Buzov burnu, Gəncə sarı ənciri, Abşeron sarı ənciri, Azəri, Xəzəri, Kadota, Kalimirina, Çapla sortlarıdır. Avqustda yetişməyə başlayır və sentyabrın əvvəllərinə qədər məhsul verir.
1.5.1.4. İnnab subtropik meyvə bitkisi
Azərbaycanın qədim dövr bitkilərindən sayılan innab respublikamızın ərazisində geniş yayılmışdır. İnnab meyvəsindən həm təzə, həm də qurudulmuş halda geniş istifadə edilir. İnnab meyvələrində 23-30 faiz quru maddə vardır ki, bunun da əsasını 21-25 faiz şəkər təşkil edir. Eyni zamanda meyvələrində 0,47-1,87 faiz müxtəlif turşu 2,1-5,8 faiz pektin maddəsi, 350-735 mq faiz C vitamini, 25-100 faiz P vitamini və s. vardır (Şəkil 1.46). İnnab Murdarçakimilər fəsiləsinə aid olub, 50-dən artıq növü becərilir. Bunlardan çoxu yarpaqlarının gözəl, görkəmli və cazibədarlığı ilə fərqlənir. Yalnız üç növ meyvə bitkisi kimi məlumdur: Adi innab, Lotos innab, Mavrigiya innabı. Adi innab güclü boyaya malik ağac bitkisi kimi əksər sortların yaranmasında iştirak etmişdir. İnnabın 600-ə qədər sortu vardır. Bu sortların 400-dən çoxu Çində becərilir. Respublikamızda innabın Azərbaycan, Şirvan, Tayan-tszao, Xurmayı, Azəri, Xəzəri, Nəsimi sortları məlumdur. Meyvələri oktyabrın əvvəllərində yetişir. |