1.4.6. Püstə qərzəkli meyvə bitkisi
Qərzəkli meyvə bitkiləri içərisində dad və keyfiyyətinə görə yüksək qiymətləndirilir. Püstə yağı keyfiyyətinə görə zeytun yağından geri qalmır. Püstə ləpəsində 42-65 faiz yağ, 18,44 faiz azotlu maddə (o cümlədən, 17,43 faiz zülal), 4,61 faiz sellüloza, 3,32 faiz kül elementi, 9,6 faiz saxaroza və s. vardır. Ləpədən təzə halda və qovrulmuş şəkildə istifadə edilir, müxtəlif qənnadı məmulatlarının hazırlanmasında işlənir (Şəkil 1.41). Yüksək keyfiyyətli yağ alınır. Püstə Sumaxkimilər fəsiləsinə aid olub 20-ə qədər növü becərilir. Meyvə bitkisi kimi daha çox istifadə edilən növü Əsl püstədir. Apreldə və mayda çiçəkləyir, sentyabrda isə yetişir. Respublikamızda becərilməsi məsləhət olunan sortlar Zümrüd, Narıncı, Bülbülə sortlarıdır. |
Yer kürəsinin müxtəlif iqlim-torpaq şəraitində yaranmış və özünə uyğun iqlim-torpaq şəraitində yayılmış, subtropik bitkilər xarici mühit şəraitinə görə başqa bitkilərdən fərqlənir. Subtropik meyvə bitkilərinin əksəri yalnız subtropik bölgələrdə becərilir.
Subtropik meyvə bitkilərindən bir qrupu (xirnik, nar, əncir, innab, azimina) qışda yarpaqlarını tökən bitkilərdir. Digərləri isə (Zeytun, feyxoa, dəfnəalbalı (dəfnəgilənar), yapon əzgili) qışda yarpaqlarını tökmür və buna görə də “həmişəyaşıl” bitkilər adlandırılır.
1.5.1.1. Xirnik subtropik meyvə bitkisi
Xirnik qədim tarixə malik bitkilər qrupuna aiddir. Yer kürəsinin müxtəlif bölgələrində Qafqazda, Orta Asiyada, Şimali və Cənubi Amerikada, Afrikada, Britaniya adalarında və Asiyada geniş yayılmışdır. Xirnik meyvəsində 77,6-85,9 faiz su, 13,1-24,6 faiz şəkər, 0,02-2,35 faiz polifenol, 0,4-0,8 faiz yağ, 0,104-0,386 faiz karotin, 49,7 faiz yod, 14,1-22,4 faiz quru maddə, 0,54-1,22 faiz üzvi turşu, 0,3-1,6 faiz zülallı maddə, 0,599-4,271 faiz likonin, 6,4-55,0 C mq faiz vitamin vardır (Şəkil 1.42, Şəkil 1.43). |