1.4.2. Fındıq qərzəkli meyvə bitkisi
Meyvələri yüksək qida keyfiyyətinə görə şöhrət qazanmışdır. Fındıq meyvələrinin tərkibində 59-70 faiz yağ, 11-18 faiz zülal, 3-8 faiz sulu karbon, 2-3 faiz mineral duz, 12-31 faiz sellüloza, 13-17 faiz azotlu maddə və vitaminlər vardır (Şəkil 1.37). Fındıq ləpəsi təzə halda istifadə edilməklə yanaşı, ondan müxtəlif qənnadı məmulatları hazırlanır, yağ alınır və uzun müddət keyfiyyətini itirməyən un istehsal edilir. Fındığın 20-ə qədər geniş yayılmış növü var. Keçmiş SSRİ ərazisində 8 növü yabanı halda yayılmışdır. Bunlar Qafqaz və ön Qafqazda (Donlu fındıq, Ayı fındığı, Adi fındıq), həmçinin, Uzaq Şərqdə (Gödək donlu fındıq, Dəyişik yarpaqlı fındıq, Mancuriya) yayılmışdır. Bunlardan ən böyük əhəmiyyət kəsb edəni adi fındıqdır. Adi fındıq geniş əraziyə malikdir. Bu növə Avropanın əksər ölkələrində rast gəlinir. Respublikamızda uzun müddətli xalq seleksiyası (seçmə) nəticəsində və kənardan ölkəmizə gətirilmiş sortlar geniş becərilir. Bu sortlardan Ata-baba, Yağlı fındıq, Gəncə fındığı, Əşrəfi, Kudryavçik daha geniş becərilir. Əsasən, sentyabr ayında meyvələri yetişir.
1.4.3. Pekan qərzəkli meyvə bitkisi
Pekan möhkəm oduncağına və yüksək keyfiyyətli meyvəsinə görə qiymətləndirilir. Pekan meyvəsində (ləpədə) 70,8 faiz yağ, 1,7 faiz kül elementi, vitaminlər və digər maddələr vardır. Pekan ləpəsindən təzə yetişən vaxtı və həm də qənnadı məmulatlarının hazırlanmasında geniş istifadə edilir (Şəkil 1.38). Oduncağı möhkəm olur və mebel və tikinti materialı kimi işlənir. Pekan qoz fəsiləsinə aid olub ABŞ və Cənubi Çində 20-ə qədər növü becərilir. Bu növlər içərisində daha geniş istifadə ediləni Şirin və ya Zeytunvarı pekandır. Pekanın gətirilmə sortlarından bir çoxu respublikamızda geniş becərilir: Vandiman, Styuart, Tomas, Mayor, Urojaynıy, Drujba. Əsasən, may, iyun aylarında çiçəkləyir və sentyabr ayında yetişir. |