Ensiz yarpaqlı iydə, Şərq və ya iri meyvəli iydə, çox ləçəkli iydə. İydə bitkisi çiçəkləməyə apreldən başlayır, meyvələri sentyabrda yetişir. Xalq seleksiyası nəticəsində iydənin bir sıra sort və hibrid formaları yaradılmışdır. Xurmayı, İnnabı, Didivar sortları daha geniş yayılıb.
1.4. Qərzəkli meyvə bitkiləri
Bu qrupa daxil olan meyvə bitkiləri meyvələrinin yeyilən hissəsinin oxşarlığına görə bu qrupa aid edilmişdir. Onlar müxtəlif fəsilələrə və cinslərə aiddir. Meyvələri yalançı meyvə, yeyilən hissəsi ləpədir. Ləpə yağ və zülalla zəngindir. Meyvələri uzun müddət saxlanma və nəqliyyata davamlıdır. Qərzəkli meyvə bitkiləri qrupuna qoz, fındıq, pekan, badam, püstə və şabalıd aiddir.
1.4.1. Qoz qərzəkli meyvə bitkisi
Qoz dünya miqyasında həm meyvələrinin yüksək qidalılıq xüsusiyyətinə və həm də mebel sənayesində böyük əhəmiyyətinə görə geniş yayılmışdır. Qozun ləpəsində 30-70 faiz yağ, 8,0-21 faiz zülal, 16 faiz sulu karbon, 0,3 mq faiz B1, 30-50 mq faiz C və həmçinin, az miqdarda A, B2 və P vitaminləri vardır (Şəkil 1.36). Qoz ləpəsindən təzə halda yeyilmək üçün və bir sıra qənnadı məmulatlarının (şirniyyatların) hazırlanmasında istifadə edilir. Qozun 40-a qədər növü var. Bu növlər dünyanın mülayim, isti qurşağında, subtropik və bəzi növləri tropik zonalarda becərilir. Keçmiş SSRİ məkanında bunlardan yabanı halda iki növ (yunan və mancuriya qozu), introduksiya olunmuş (xaricdən gətirilmiş) halda isə üç növü (qara qoz, boz və Zibolda qozu) becərilir. Respublikamızda təbii halda yayılmış və böyük təsərrüfat əhəmiyyəti olan növ Yunan qozudur. Azərbaycanda qozun təbii meşəliklərinə Lənkəran düzənliyində, Talış dağlarında, Zaqatala və Quba rayonlarında rast gəlinir. Qoz, əsasən, sentyabrın axırlarında yetişir. Qozun respublikamızda xalq seleksiyası nəticəsində yaradılmış bir sıra yerli sortları vardır. Bunlar Seyfi, Suğra, Araz, Disar, Vənənd, Car, Dindi, Qum, İdeal sortlarıdır. |