1.3.4. Gilas çəyirdəkli meyvə bitkisi
Gilas geniş yayılmış meyvə bitkisidir. Meyvələrinin tərkibində 18 faiz şəkər, 0,32-1,29 faiz turşu, 0,03-0,21 dabbaq maddəsi, 0,46-0,71 faiz pektin, 0,44 faiz kül elementi, 0,25 faiz sellüloza, C, A vitaminləri və karotin vardır və çəyirdəyində 5,65 faiz yağ olur (Şəkil 1.28). Meyvələrindən təzə halda istifadə edilir, həmçinin, meyvəsindən kompot, mürəbbə və digər məhsullar hazırlanır. Gilasın yabanı halda bir növü - adi gilas yayılmışdır. Respublikamızda gilasın daha çox geniş əkilən sortları Biqarro Qrol, Ramon Oliva, Tezyetişən Kassini, Sarı Droqana, Frans İosif, Kəl ürəyi sortlarıdır və əsasən iyun, iyul aylarında yetişir. |
1.3.5. Albalı çəyirdəkli meyvə bitkisi
Albalı sahəsinə görə MDB məkanında almadan sonra ikinci yeri tutur. Meyvələrinin tərkibində 7,3-17,5 faiz şəkər, 0,8-2,7 faiz turşu, 0,05-0,02 faiz dabbaq maddəsi, 0,76-1,3 azotlu maddə, 0,57 faiz kül elementi, 0,57-1,8 faiz pektin maddəsi və müxtəlif vitaminlər vardır (Şəkil 1.29). Meyvələrindən həm təzə, həm də emal olunmuş halda istifadə edilir. Meyvələrindən mürəbbə, cem, şirə, şərab, kompot və s. istehsal olunur. Yarpaqlarından duza, turşuya qoymaq üçün, çiçəkləri isə bal arıları üçün çox faydalıdır (bal toplamaq üçün). Albalının 150 növündən 20 növü MDB məkanında yayılmışdır. Dünyada 800-ə qədər albalı sortu vardır. Bundan Azərbaycanda adları qeyd olunan Anadolu, Podbel, İngilis tezyetişəni, Şpanka, Jukovskaya sortları əkilir və iyun, iyul aylarında yetişir. |