1.3.2. Gavalı çəyirdəkli meyvə bitkisi
Meyvələrinin yüksək dad keyfiyyəti və ağaclarının davamlılığına görə gavalı meyvə bitkiləri içərisində yüksək qiymətləndirilir. Gavalı meyvələri zəngin tərkibli və qidalıdır (Şəkil 1.26). Meyvələrinin tərkibində 17 faizə qədər şəkər, 0,16-2,28 faiz dabbaq maddəsi, C və P vitaminləri vardır. Toxumlarda 31-42 faiz yağ və 0,3-0,46 faiz amiqdalin olur. Meyvələri təzə halda yeyilməkdən başqa, onlardan kompot, cem, mürəbbə, povidlo, şərab və s. məhsullar hazırlanır. Qurudulmuş meyvələrində 50 faizə qədər şəkər olur. Gavalının 30-dan artıq növü var. Əksər gavalı sortları ev gavalısından törəmişdir. Ev gavalısı yalnız mədəni halda becərilir, yabanı halda rast gəlinmir. Gavalının iki mindən artıq sortu məlumdur. Respublikamızda daha geniş becərilən və perspektivli (əhəmiyyətli) olan sortlar Şaftalı Gavalısı, Yaşıl Renkold, İtalyan vengerkası, Xurmayı vengerka, Sarı albuxara, Aleksandr Düma, Altan renklodu, Ullens renklodu sortlarıdır. Gavalı, əsasən, iyul-avqust aylarında yetişir.
1.3.3. Ərik çəyirdəkli meyvə bitkisi
Meyvələri zəngin kimyəvi tərkibə və yüksək qidalılığa malik olduğundan böyük təsərrüfat əhəmiyyəti kəsb edir. Ərik meyvələrində 4,7-2,0 faiz şəkər, 0,32-6,6 faiz müxtəlif turşu, 0,51-1,6 faiz pektin maddəsi, A və C vitaminləri, toxumlarında 45-58 faiz yağ və 25 faiz zülal vardır. Əriyin meyvələri təzə halda yeyilməklə yanaşı, ondan kompot, mürəbbə, cem, pavidlo, şirə və başqa məhsullar hazırlanır. Ərik meyvələrindən hazırlanan qax dünya bazarlarında yüksək qiymətləndirilir (Şəkil 1.27). Əriyin Şərqi, Mərkəzi, Orta və Kiçik Asiyada, həmçinin, Qafqazda 8 növü yayılmışdır. Bu növlərdən yalnız biri - Adi ərik, mədəni halda becərilir. Əsasən, Şalax, Badam ərik, Qırmızı yanaq, Əbu Talibi, Ağ Təbərzə (Balyarım), Haqverdi sortları daha geniş yayılıb. İyun, iyul, avqust aylarında, əsasən, yetişir. |