1.2.5. Yemişan tumlu meyvə bitkisi
Təbii halda geniş yayılmış meyvə bitkisidir. Çox da iri olmayan meyvələri turşa-şirin tamlı, şirəlidir (Şəkil 1.23). Meyvələrində 4-11 faiz şəkər, 0,48-0,66 faiz alma turşusu, 33,07-39,82 mq faiz C vitamini, 0,0008-0,004 mq faiz karotin və toxumlarında 30-38 faiz yağ vardır. Meyvələrindən həm təzə, həm də emal olunmuş şəkildə istifadə edilir. Ürək-damar xəstəliklərinin müalicəsində bu bitkidən geniş istifadə edilir. Yemişanın 1250-ə qədər növü vardır. Bunun 4/5 hissəsi Şimali Amerikada təbii meşələrdə yayılmışdır. Azərbaycan ərazisində isə təbii halda 22 növü vardır: Şərq yemişanı və Pont yemişanı. |
Bu qrupa daxil olan nümayəndələrin əksəriyyəti (zoğal, çaytikanı və iydədən başqa) Gülçiçəklilər fəsiləsinə aiddir. Meyvələri həqiqi meyvədir. Tez boy atır, məhsula tez düşür və hər il məhsul verir. Toxumu çəyirdəyin içərisində yerləşir. Çəyirdəkli meyvə bitkiləri qrupuna albalı, gilas, gavalı, ərik, şaftalı, alça, göyəm, zoğal, çaytikanı və iydə aiddir.
1.3.1. Şaftalı çəyirdəkli meyvə bitkisi
Meyvələrinin qiymətli kimyəvi tərkibi uzun müddət əhalini təzə meyvə ilə təmin etmək üçün geniş yayılmasına və becərilməsinə səbəb olmuşdur (Şəkil 1.24). Şaftalı qiymətli kimyəvi tərkibə malikdir. Meyvələrinin tərkibində 5,49-15,25 faiz şəkər, 0,12-1,84 faiz pektin, 1,11-4,81 faiz sellüloza, 12,5 mq faiz C vitamini, mineral duzlar, ləpəsində 4,84-56,88 faiz yağ vardır. Şaftalı meyvələrindən təzə halda yeyilməkdən başqa (Şəkil 1.25), eyni zamanda müxtəlif məhsulların: kompot, mürəbbə, cem, povidlo, şirə, qax hazırlanmasında da istifadə edilir. Şaftalı meyvəsinin yabanı halda yayılmış 6 növü məlumdur. Bunlardan əksər şaftalı sortlarının əmələ gəlməsində iştirak edən Adi şaftalıdır. Dünya miqyasında 500-dən artıq sortu vardır. Ölkəmizdə 100-ə qədər yayılmış sortu məlumdur: May çiçəyi, Fədai, Qızıl Yubiley, Elbert, Salami sortları. Sortlar, əsasən, iyul, avqust, sentyabr aylarında yetişir. |