1.2.3. Heyva tumlu meyvə bitkisi
Heyva Azərbaycanda çox qədimdən becərilən və nisbətən geniş yayılmış bitkidir. Meyvələrində 8-11 faiz şəkər, 0,85-2 faizədək turşu, 1,78 faiz pentoza, 0,33 faiz müxtəlif vitamin və digər üzvi maddə vardır. Meyvələrindən təzə və emal olunmuş halda, toxumlarından isə müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə edilir (Şəkil 1.21). Heyva bitkisi, əsasən, Orta Asiya, Güney Qafqaz, Krım və Şimali Qafqazda becərilir. Meyvələri sentyabr-oktyabrda yetişir. Heyvanın yalnız bir növü vardır. Bütün mədəni heyva sortları bu adi heyva növündən törəmişdir. Heyva sortları Azərbaycanda çoxdur. Bunlar yetişmə vaxtına, formasına, lətin bərk və yumşaqlığına görə fərqlənir. Heyvanın bu sortları Cardam, Qara heyva, Qaraman heyva, Sarı heyva, Pensər, Vələçin geniş yayılmışdır.
1.2.4. Əzgil tumlu meyvə bitkisi
Qafqazda və o cümlədən, Azərbaycanda qədim dövrlərdən becərilən qiymətli meyvə bitkisidir. Meyvələri çox gec, payızın sonuna yaxın yetişdiyindən və zəngin qidalı tərkibə malik olduğundan çox qiymətlidir (Şəkil 1.22). Meyvələrin tərkibində 17 faizə qədər şəkər, 0,78-2,0 faiz turşu (əsasən, alma turşusu), 0,79-1,04 faiz azotlu və s. maddə vardır. Meyvələri tam yetişdikdən sonra yeyilmək və emal üçün yararlı olur. Əzgilin yalnız bir növü - adi əzgil növü mövcuddur. Bu növün əmələ gəlməsi və formalaşması Qafqazda və Ön Asiyada olmasına baxmayaraq, ilk dəfə bu cinsin və növün təsvirini verən Linney onu Alman əzgili adlandırmışdır. Əzgilin sortları çox azdır:
• Ərkivan əzgili;
• İspolin; • Nottinqem. Bunlardan başqa, həyətyanı sahələrdə hələ də adsız olan bir sıra iri meyvəli əzgil formaları becərilir ki, onların da araşdırılmasına ehtiyac var. |