1.2.2. Armud tumlu meyvə bitkisi
Tumlu meyvə bitkiləri içərisində, sahəsinə və məhsul istehsalına görə ikinci yerdə durur (Şəkil 1.17). Meyvələri yüksək keyfiyyətli və qidalı olduğundan qədim zamanlardan becərilir. Meyvələrin tərkibində faizlə 5-15,7 şəkər, 0,1-0,99 turşu, 0,06-0,12 dabbaq maddəsi, 0,18-0,44 kül elementi, müxtəlif vitaminlər (A, B, B1 C və PP) vardır. Meyvələrdən təzə və emal olunmuş halda istifadə edilir. Armud respublikamızın əksər rayonlarında uğurla becərilir. Yüksək məhsuldar bitkidir. Armudun 60 növü məlumdur. Bu növlər yer kürəsinin Şimal yarımkürəsində yayılmışdır. Respublikamızda daha geniş yayılan növləri aşağıdakılardır: Qafqaz armudu, Söyüdyarpaq armud, Meşə armudu. Armud sortları yetişməsi vaxtına görə yaylıq, payızlıq və qışlıq olur. Yaylıq sortlar - Cır Nadiri, Abasbəyi, Bere Jiffar, Yaylıq Vilyams (Bonkretyen Vilyams, Bartlet), Red Vilyams (Şəkil 1.18), Klappın sevimlisi. Yaylıq sortlar iyul-avqust aylarında yetişir. Payızlıq-qışlıq sortlar - Lətifə, Xoji, Nar armud (Şəkil 1.19), Sini armud, Lətənzi (Şəkil 1.20), Bere Ardanpon, Bere Bosk (Bere Aleksandra), Duşes Anqulem, Küre (Qışlıq Vilyams). Payızlıq sortlar sentyabr-oktyabr aylarında yetişir. |