Lakin qeyd etmək lazımdır ki, əhalini yay dövründə təzə meyvə ilə təmin etməkdə yaylıq
sortların böyük rolu var. Həmin dövrdə köhnə meyvə qurtarmış olur, təzə meyvə isə çıxmır. Bu
boşluğu aradan qaldırmaq üçün yaylıq sortlara diqqət artırılmalıdır. Yaylığa bu sortlar -
Fəximə, Şirvan reneti, Məclisi, Şirvan tacı, Qrafenşteyn, Papirovka, Borovinka, Melba,
Tezyetişən Mekintoş aiddir.
Payızlıq sortlar - sentyabr, oktyabrda yetişir. Sarı Belfler, Qışlıq qızıl parmen (Zolaqlı şafran), Mekintoş, Kortland (Şəkil 1.14), Uelsi. Qışlıq sortlar - alma sortları içərisində ən qiymətlisi sayılır. Onlar zəngin kimyəvi tərkibə, yüksək qidalılığa və uzun müddət saxlanma qabiliyyətinə malikdir: Qızıl Əhmədi (Şəkil 1.15), Sibir, Şıxıcanı, Darağı, Əyyubi, Sarı turş, Cır Hacı, Simirenko reneti, Şampan reneti, Qolden Delişes, Red Delişes, Conatan, Kid orany red, Kinq Devid, Stark, Royal red Delişes.“Spur” tipli sortlar - müasir şəraitdə meyvə bağlarının müasir tipli olması başlıca tələbdir. Bunun üçün ağacların kiçik həcmli, tez məhsula düşməsi və yüksək məhsuldar olması tələb olunur. Digər şərtlərlə yanaşı, bir sıra qiymətli alma sortlarının boylarının balaca olması tələb olunur. Belə bitkilərdə, hələ cavan yaşlarında zoğlar gödək olur və bu zoğlar gələn il halqalı meyvə budaqcığına çevrilir. Belə budaqcıqlarda yarpaqlar qalın, ətli və xlorofillə daha zəngin olur. Hazırda dünyada və ölkəmizdə yayılmış, becərilməsi tövsiyə olunan qiymətli super tipli sortlar aşağıdakılardır: Vaqner prizovoy, Qold spur (Şəkil 1.16), Cona red, Starkinq, Starkrımson, Steyma red, Stark red Qold, Vell spur, Red spur Delişes, Starkinq red Delişes. Bu cür sortlar 2 yaşından məhsul verir. |