1.2. Tumlu meyvə bitkiləri
Bu qrupa daxil olan meyvə bitkiləri Gülçiçəklilər fəsiləsinə aiddir. Əksər nümayəndələri həşəratla tozlanır. Tumlu meyvə bitkiləri respublikamızda geniş becərilir və böyük sahələrə malikdir. Bu qrupdan ölkəmizdə insanların daha çox istifadə etməsi üçün geniş əkiləni və yaxşı məhsul verəni alma, armud, heyva, əzgil və qismən yemişan sayılır.
1.2.1. Alma tumlu meyvə bitkisi
Ölkəmizdə meyvə bitkiləri içərisində ən geniş yayılmış cinsdir. Almanın əkin sahəsi respublikamızda cəmi meyvə bitkilərinin 50 faizə qədərini təşkil edir (Şəkil 1.13). Zəngin kimyəvi tərkibi, meyvələrin uzun müddət saxlanması qabiliyyəti, yüksək məhsuldarlığı, müxtəlif torpaq-iqlim şəraitində becərilməsi imkanı bu bitkinin geniş becərilməsinə səbəb olmuşdur. Əkin sahəsinə və ümumi məhsul istehsalına görə alma birinci yeri tutur. Dünyanın müxtəlif bölgələrində formalaşmış və çox yerlərə yayılmışdır. Keçmiş SSRİ ərazisində almanın 9 növünə yabanı halda rast gəlinir. 3 növü isə (Mədəni alma, Sibir alması və Gavalıyarpaq alma) mədəni halda becərilir. Bu növlərdən ölkəmiz üçün daha böyük əhəmiyyət kəsb edənləri aşağıdakılardır: Şərq və ya Qafqaz alması, Meşə alması, Kol alma, Cənnət alması və ya paradizka, Dusen alması, Qırmızıyarpaq və ya Nedzvetski alması, Gavalıyarpaq və Çin alması, Giləmeyvəli alma, Mədəni alma. Almanın dünya miqyasında on mindən artıq, keçmiş SSRİ-də isə 300 sortu becərilirdi. Alma sortları yetişmə vaxtına görə 3 qrupa ayrılır: yaylıq, payızlıq və qışlıq sortları. Yaylıq sortlar - yaylıq sortlar iyul-avqust aylarında yetişir. Saxlanma və nəqliyyatla daşınmaya az davamlı olduğuna görə təsərrüfatda onlara az yer verilir. Keyfiyyətinə görə də yaylıq sortlar digər sortlardan geri qalır. |