1. Meyvəçiliyin xalq təsərrüfatında əhəmiyyəti Meyvə-giləmeyvə bitkilərinin becərilməsində əsas məqsəd insanın qidalanması, insan orqanizminin normal böyüməsi və inkişafı üçün çox qiymətli olan meyvə-giləmeyvələrin yetişdirilməsidir. Meyvə-giləmeyvənin tərkibində C, A, B1, B2, E, P, PP, B9 və s. vitaminlər və başqa qida maddələri vardır. Meyvə-giləmeyvə, yetişən vaxtı istifadə edilməklə bərabər, onlardan hazırlanmış meyvə qurusu, mürəbbə, cem, povidlo, şirə və s. məmulatlardan həm də ilboyu istifadə edilir (Şəkil 1.1, Şəkil 1.2, Şəkil 1.3, Şəkil 1.4). Bitkinin cins, növ, sort xüsusiyyətindən və becərilmə şəraitindən asılı olaraq meyvənin tərkibində maddələrin miqdarı müxtəlif olur. Belə ki, almanın tərkibində 10-23 faiz, ərikdə 5-15 faiz, şaftalıda 13-18 faiz, xirnik və əncirdə 20-23 faiz, onların qurusunda isə 70-75 faiz şəkər, tumlu meyvə bitkilərinin meyvələrində 0,5-2,8 faiz alma turşusu, cır narın meyvələrində 9-14 faiz limon turşusu, qərzəkli meyvələrin ləpəsində 15-22 faiz zülal, 65-77 faizədək yağ, 2-7 faizədək karbohidrat (şəkər və nişasta) olur. Meyvələrin tərkibində olan müxtəlif maddələr iştah əmələ gətirir, bədənin ağırlaşmasının qarşısını alır və qocalmanı ləngidir. Orqanların fəaliyyətini gücləndirir, baş verə biləcək xəstəliklərin qarşısını alır, orqanizmin xarici təsirlərə (istiyə, soyuğa, susuzluğa və s.) davamlılığını yüksəldir. Tərkibindəki qida maddələrinin zənginliyinə görə meyvə bitkiləri bir çox xəstəliklərin qarşısının alınmasında yaxşı kömək edir. Meyvə bitkilərinin bəzilərinin qabığında, qərzəyində, çiçəklərində, gövdə qabığında rəngverici boyayıcı maddələr vardır. Bu maddələrdən parçaların boyanmasında istifadə edilir. Meyvəçiliyin iqtisadi əhəmiyyəti onun yüksək gəlirli təsərrüfat sahəsi olması ilə müəyyənləşdirilir. Bir hektar məhsul verən meyvə bağından götürülən ümumi gəlir bir hektar dənli bitkilər sahəsindən əldə olunan ümumi gəlirdən 20-22 dəfə artıq olur. |