Bu satış bazası meyvə və tərəvəz məhsullarının saxlanması ilə yanaşı bazarlara, super
marketlərə, xarici bazarlara məhsul satışı üçün nəzərdə tutulub. Bakı şəhəri Qaradağ rayonu,
Lökbatan qəsəbəsi Xocasən yolu 57 ünvanda yerləşir. 2009-cu ildə istifadəyə verilib. Bazarlarda
və super marketlərdə (Şəkil 5.69) təzə meyvə-tərəvəz məhsulları ilə bərabər konservləşdirilmiş
məhsullar satılır. Bu məhsullar ölkəmizdə əsasən Gilan, Azərsun və digər şirkətlər tərəfindən
istehsal olunur, daxili və xarici bazarlarda satılır. Ölkəmizdə istehsal olunmuş təzə və
konservləşdirilmiş meyvə və tərəvəz məhsulları əsasən Rusiya Federasiyasının bazarlarında
satılır. Bu məhsulların xarici bazarlara daşınması üçün ölkəmizdə yük avtomobillərindən,
qatarlardan, gəmilərdən və təyyarələrdən istifadə olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2014-cü il 16 yanvar tarixli Sərəncamına uyğun olaraq, həyata keçirilən tədbirlər çərçivəsində Bakıda ixtisaslaşdırılmış yaşıl market kompleksi - aqromall istifadəyə verilib (Şəkil 5.70). Yaşıl marketlərin ənənəvi bazarlardan bir çox fərqli və üstün cəhətləri vardır. Belə ki, yaşıl marketlərin tərkibində - fermer mağazaları, pərakəndə və topdan satış üçün nəzərdə tutulan qapalı və açıq tipli ticarət zonaları, meyvə-tərəvəz və digər ərzaq məhsullarının saxlanması üçün soyuducu anbarlar, çeşidləmə və qablaşdırma sahəsi, müştərilərin istirahət zonası, laboratoriya, avtodayanacaq və digər ticarət sahələri fəaliyyət göstərir. Fermerlər tərəfindən istehsal olunan məhsulların vasitəçilərsiz ancaq özləri tərəfindən bazarlara çıxarılması, kənd təsərrüfatı məhsullarının istehlakçılara (alıcılara) daha ucuz qiymətlərlə təklif olunması, ilin bütün fəsillərində istehlakçıların yüksək keyfiyyətli ərzaq məhsulları ilə təminatı, eləcə də əhalinin iş yeri ilə təmin edilməsi də yaşıl marketlərin üstün cəhətlərindəndir (Şəkil 5.71). |