İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan azexport.az-ın missiyası Azərbaycan mənşəli bir çox məhsullarla yanaşı meyvə-tərəvəz məhsulları haqqında da məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır.
Azexport.az dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycanın meyvə-tərəvəz məhsullarını dünyanın bütün nöqtələrində online satış şəklində potensial alıcılara əlçatan edir. Bu missiyanı həyata keçirmək üçün dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-loqistika şirkətləri Azərbaycan məhsullarının daşınması üçün əlverişli şəkildə Azexport.az-a inteqrasiya olunublar.
Azexport.az VİSA, Master Card və American Express kart sahibləri üçün portal üzərindən ödəmələri tam təhlükəsiz və sürətli həyata keçirilməsini təmin edir. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli, hər yerdə və həmişə olmaqla "Made in Azerbaijan" brendini daha yaxın edir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 11 aprel 2016-cı il tarixli № 1944 Sərəncamı ilə ”Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin əsas məqsədi kənd təsərrüfatı məhsullarının , o cümlədən meyvə-tərəvəzin istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, ərzaq məhsullarının keyfiyyətini, eləcə də dövlət vəsaitindən istifadənin səmərəliliyini artırmaq və dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Meyvə-tərəvəz məhsullarının satış imkanlarının genişləndirilməsi istiqamətində daha bir addım atılıb. Kənd Təsərrüfatı Nazirliyinin qiymət informasiya portalı (www.azagro.net) yaradılıb. Həmin portalda Bakı şəhəri ilə yanaşı regionlarda da fəaliyyət göstərən 19 pərakəndə, 5 topdansatış bazarından gündəlik olaraq toplanan məlumatlar yerləşdirilir.
Portalda 46 adda meyvə, tərəvəz və bostan məhsullarının 400 növü üzrə məlumatlar, həmçinin məhsulların iri, orta, xırda ölçülərinə görə əlavə olaraq hər növün çeşidi üzrə gündəlik yenilənən məlumat bazası olaraq tam fəaliyyət göstərir. Məlumatlar gündəlik yenilənir. Məlumat bazasına Nazirliyin internet səhifəsi vasitəsilə də daxil olmaq olar.
Meyvə-tərəvəzlərin satışı topdan və pərakəndə formada həyata keçirilir. Ölkəmizdə tərəvəz məhsullarının satışı üçün daimi bazarlarla yanaşı, mövsümi yarmarkalar da təşkil olunur (Şəkil 5.66, Şəkil 5.67). Regionun ən böyük meyvə-tərəvəz üzrə topdan və pərakəndə satış mərkəzi olan, ümumi ərazisi 35 ha olan, 6 korpusdan ibarət 11 360 m2 sahəsi olan 22 satış bazası 720 ton tutumlu 112 satış anbarı; 3 korpusdan ibarət 12.000 m2 sahəsi olan 24,000 ton tutumlu 60 soyuducu saxlama anbarları xüsusi soyutma sistemi ilə təchiz olunmuş «Meyvəli» - satış bazası fəaliyyət göstərir (Şəkil 5.68).