Sirkəyə qoyulmuş meyvə və tərəvəzlərin hazırlanmasında əsas konservləşdirici maddə sirkə turşusudur. Məhsulun tərkibində 1,7-2,0 faiz sirkə turşusunun olması zərərli mikroorqanizmlərin olmasına (artmasına) əks təsir göstərir və uzun müddət məhsulu keyfiyyətli saxlayır. Sirkə turşusundan başqa şəkər, duz və ədviyyatdan da istifadə edilir.
5.5. Meyvə-tərəvəz məhsullarının satış imkanları
Son illər ərzində Azərbaycanda ciddi islahatlar aparılmış, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları qəbul edilmiş, sahibkarlara və fermerlərə dövlət tərəfindən böyük dəstək göstərilmişdir və göstərilir. Qeyri-neft ixracının artırılmasına nail olunmuşdur.
Təhlillər göstərir ki, meyvə-tərəvəz və bir sıra digər məhsullar üzrə ixracın genişləndirilməsi üçün xüsusilə böyük imkanlar mövcuddur. Bu baxımdan ixracyönümlü müəssisələrin yaradılmasının dəstəklənməsi, prioritet ixrac bazarlarında ticarət evlərinin açılması və ticarət nümayəndələrinin təyin olunması, ixrac prosedurlarının daha da sadələşdirilməsi, Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatların xarici ölkələrdə tanınması, ixrac məhsullarında keyfiyyət, qablaşdırma və etiketlənmə sahəsində beynəlxalq standartların tətbiqi, ixrac üzrə mütəxəssislərin hazırlanması tədbirləri bundan sonra da davam etdiriləcək.
Güzəştli kreditlər, metodiki tövsiyələr və infrastruktur layihələri öz bəhrələrini verir. Bütün bunlar ölkənin iqtisadi potensialını artırır və imkan yaradır ki, sahibkarlar və ya fermerlər vəsait qoysunlar, məhsul yetişdirsinlər və xarici bazarlara çıxarsınlar, daxili bazarı təmin etsinlər. Odur ki, dövlət tərəfindən atılmış addımlardan biri keçən il yaradılmış "Azexport" portalıdır. Bu sahibkarların, fermerlərin işini yüngülləşdirir. Azexport.az resursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılmışdır.
"Azexport" portalı bu gün artıq dünya miqyasında özünü tanıtdıra bilib. Bu portala maraq getdikcə daha böyük olacaq. İndi əsas vəzifə ondan ibarətdir ki, xaricdən sifariş olunan malların istehsalı təmin olunsun. "Azexport" portalının yaradılması çox müsbət hadisədir və getdikcə bu portala dünyada maraq artır.
"Azexport" portalı müfəssəl məlumatlarla təmin olunur. Sahibkarlar və fermerlər bu portala öz fəaliyyətləri haqqında məlumat yerləşdirir və mütəmadi olaraq bu portalla maraqlanırlar, görürlər ki, nəyə tələbat var, hansı sifarişlər yerləşdirilir. Portalın fəaliyyəti nəticəsində artıq bir çox kontraktlar imzalanıb. Portalın vəzifəsi təkcə ondan ibarət deyil ki, biz öz məhsulumuzu ixrac edək. Eyni zamanda, bu portal bizə tələbat haqqında, regionlar haqqında məlumat verir, hansı regiondan, hansı ölkədən hansı məhsula tələbat var və bunu dövlət qurumları da, sahibkarlar da, fermerlər də görür. Sahibkar və ya fermer da görür ki, əgər o məhsulu istehsal etsə, yetişdirsə, bunun bazarı olacaqdır. Ona görə, buna nail olmaq üçün birinci növbədə, bütün Azərbaycan şirkətləri öz məhsulları, ixracyönümlü məhsulları haqqında "Azexport" portalına məlumatlar yerləşdirir və bu portalı izləyirlər. Bununla yanaşı, dövlət qurumları da daim monitorinq aparırlar.