Hörmətli oxucu!
Meyvə-giləmeyvə qədim zamanlardan insanların qidalanmasında əsas rol oynamışdır. Onlar gilələri yeyilən keyfiyyətli bitkiləri seçərək heyvanlardan qorumuş, tədricən onlara qulluq göstərmiş və yavaş-yavaş artırmışlar.
Meyvəçilik qiymətli qida məhsulları və konserv sənayesini xammalla təmin edən ən mühüm sahələrdən biridir. Meyvə bitkilərinin tərkibində zülallar, yağlar, karbohidratlar, üzvi turşular, müxtəlif boyayıcı maddələr, vitaminlər (A, C, B1, B2, PP və s.) vardır.
Meyvə-giləmeyvələrin təzə halda qəbul edilməsi (yeyilməsi) insan orqanizmini ən vacib lazım olan maddələrlə təmin edir, iştahı artırır, həzmi asanlaşdırır, maddələr mübadiləsini yaxşılaşdırır, xəstəliklərə qarşı dözümlülüyü artırır, bədənin ağırlaşmasının qarşısını alır, qocalmanı ləngidir. Həmçinin, meyvə-giləmeyvələrdən hazırlanan meyvə qurusu, mürəbbə, cem, povidlo məmulatlarından ilboyu istifadə edilir. Dünyanın bir çox ölkələrində olduğu kimi, respublikamızda da meyvəçilik insanların məşğuliyyət növlərindən biri hesab olunub. Hazırda ölkəmizdə bu sahədən yüksək məhsuldarlıq və keyfiyyətli məhsul alınması üçün müxtəlif tədbirlər həyata keçirilir.
Meyvə-giləmeyvə bitkiləri müxtəlif əlamət və xüsusiyyətlərinə, torpaq-iqlim şəraitinə və becərilməsinə görə bir-birindən kəskin fərqlənir. Meyvə-giləmeyvə bitkilərinin biologiya və becərilmə qaydalarının, habelə istifadəsinin öyrənilməsini asanlaşdırmaq üçün onları müxtəlif cəhətlərinə görə qruplaşdırırlar. Onların öyrənilməsini asanlaşdırmaq məqsədilə bitkilər müxtəlif fəsilələrə, cinslərə daxil edilmiş, hər cinsin bir-birindən kəskin fərqlənən növləri müxtəlif qruplara ayrılmışdır.
Bu modulda meyvə-giləmeyvə və tərəvəz bitkilərinin vətəni, əhəmiyyəti, inkişaf səviyyəsi, qrupları, fəsilələri və yeni sortların yaradılması üçün calaqların tətbiqi, seleksiyanın rolu, istifadəsi, satış imkanları və s. məsələlər ətraflı şərh edilmiş və mövzulara uyğun nəzəri və praktiki tapşırıqlar verilmişdir.
Təhsilalanlar əldə etdikləri məlumatların köməyi ilə nəzəri və təcrübi biliklərini genişləndirə və əldə etdikləri bilikləri gələcəkdə təsərrüfat fəaliyyətlərində tətbiq edə biləcəklər.
Əziz oxucular! Bu modulda olan mövzuların tədris olunması nəticəsində, siz müxtəlif çeşiddə meyvə-giləmeyvə və tərəvəzlər haqqında biliklər qazanacaq və onların istifadə qaydalarına dair bacarıqlara yiyələnəcəksiniz.
Bu modulun ilk peşə-ixtisas təhsili müəssisələrində bağçılıq ixtisası üzrə mütəxəssislərin hazırlanmasında dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun hesab edilir.