Meyvə və tərəvəzlərin saxlanılmasında anbarların qaz mühiti və işıqlandırılması mühüm əhəmiyyətə malikdir. İşıq bəzi proseslərin güclənməsinə təsir göstərir, kartofun cücərməsi sürətlənir. Eyni zamanda işıqda kartof yumruları yaşılı rəngə çalır və tərkibindəki solanin qlükozidinin miqdarı artır. Meyvə və tərəvəzləri bir qayda olaraq qaranlıqda saxlayırlar. Meyvə-tərəvəzlərin saxlanmasında anbarın qaz mühitinin nizamlanması baş verəcək kimyəvi, biokimyəvi və fizioloji proseslərin qarşısın alır, meyvələrin ətri və dadı yaxşı qalır, itkinin miqdarı 2-3 dəfə azalır. Qaz qarışıqları içərisində ən geniş yayılmış qarışıq tərkibində 5-10 faiz karbon qazı, 11-16 faiz oksigen və 79 faiz azot olan qarışıqdır. Belə qarışığa «normal» qarışıq adı verilmişdir. Ayrı-ayrı meyvə-tərəvəzlərin saxlanılmasında temperaturdan və məhsulun xassələrindən asılı olaraq qaz tərkibi tənzimlənir Bəzi meyvə-tərəvəzləri saxladıqda kimyəvi maddələrdən istifadə edilir. Meyvə-tərəvəzlərin saxlanılması üçün 2 qrup anbarlardan istifadə olunur - sadə və ixtisaslaşdırılmış. Sadə anbarlara burtlar və xəndəklər aiddir. Burada kartof, kələm, yerkökü, çuğundur saxlanılır (Şəkil 5.53, Şəkil 5.54). Burtların dərinliyi 0,2-0,5 metr, eni 1-3 metr, uzunluğu 10-20 metr, hündürlüyü isə 1,3 metrə qədər olur. Burta tərəvəz yığıldıqdan sonra üstü 20 santimetrə qədər qalınlıqda samanla örtülür. Üzərinə isə 30 santimetrə qədər torpaq əlavə edilir. Xəndəklər 0,5-1,5 metr dərinlikdə qazılır. Bunların eni 1 metr, uzunluğu 15-25 metrə qədər olur. Burtlara nisbətən burada saxlamaq üçün yaxşı şərait yaratmaq olur. Bu anbarların mənfi cəhəti ondan ibarətdir ki, saxlama prosesində içəridə baş verən bütün prosesləri izləmək çətin olur. |