Şəkil 5.48. Tərəvəzin konteynerlə daşınması
Qarpız, qabaq və qovunları quru saman üzərinə tezyetişənləri 1,2 metr, gecyetişənləri isə 1,5 metr
hündürlükdə (üst-üstə) yığmaq lazımdır. Dəmir yoluna nisbətən su nəqliyyatında daşınma ucuz başa gəlir.
Burada barjlardan, gəmilərdən, motorlu qayıqlardan və refrijeratorlu gəmilərdən istifadə edilir.
Refrijeratorlu gəmilər soyuducu qurğu ilə təmin olunduqları üçün daha səmərəli sayılır. Barjlarda kartof,
gecyetişən kələm, qarpız, qabaq, aşxana çuğunduru və s. tərəvəzlər daşınır. İçinə meyvə-tərəvəz yığılmış
taraları ştabel (üst-üstə) qaydasında divardan 20-25 santimetr aralı yığırlar.
Meyvə-tərəvəzin daşınmasında avtomobil nəqliyyatından daha çox istifadə edilir. Meyvə-tərəvəzin
keyfiyyətinin aşağı düşməməsi üçün məhsul yayda gecə vaxtı daşınmalıdır. Daşınan məhsulun üstü mütləq
örtülməlidir. Avtorefrijeratorlardan istifadə edilməsi itkinin miqdarını azaldır və meyvə-tərəvəzi qısa
müddətdə istehsal yerindən birbaşa istehlak yerinə (satış və istifadə olunan yer) çatdırmağa imkan verir.
Meyvə-tərəvəzlərin daşınılmasında müxtəlif təyyarələrdən istifadə edilməsi nəticəsində təzə
meyvə-tərəvəzlərin bir neçə saat müddətinə itkisiz daşınması başa çatır. Məhsulun keyfiyyəti demək olar ki,
tam qorunur.
5.1.3. Meyvə-tərəvəzin saxlanılması
Bioloji xüsusiyyətlərindən asılı olaraq təzə meyvə-tərəvəzlər 3 qrupa bölünür. Birinci qrupa bütün
ikiillik tərəvəzlər aid edilir. İkiillik tərəvəzlərdə birinci il vegetativ orqan (kök, gövdə, yarpaq),
ikinci il isə toxum əmələ gəlir. Bir çox tərəvəz məhsulları yığıldıqdan sonra dinclik dövrü keçirir.
Çünki saxlanılma zamanı müəyyən dövrdə cücərmə getmir. Tərəvəzlərin saxlanılmasında 3 faza (dövr) özünü
göstərir.
Birinci fazada sakitliyə keçid, qoruyucu toxumaların yaranması və müəyyən zədələrin
sağalması
dövrüdür.
İkinci faza dərin sakitlik dövrüdür. Bu dövrdə cücərmə getmir.
Üçüncü faza məcburi oyanma dövrüdür. Bu fazada temperatur 3 dərəcə selsidən aşağı və
mühitdə 10 faizdən
çox CO2 (karbon qazı) olduqda cücərmə getmir.
İkinci qrupa meyvəli (generativ) tərəvəzlər və meyvələr aiddir (Şəkil 5.49). Bunlarda gedən əsas proses
yığıldıqdan sonra yetişmə prosesidir. Saxlanılma zamanı yetişmə prosesində meyvələrin dadı və ətri
yaxşılaşır, rəngi dəyişir, ətliyi yumşalır. Bu dövrdə mürəkkəb birləşmələr daha sadə birləşmələrə
çevrilir. Bundan sonra yetişmə dövrü davam edirsə, meyvə puç olur. Ona görə də saxlanılma zamanı
meyvə-tərəvəzin yetişib ötməsi prosesini nizamlamaqla, saxlanılma müddətini uzatmaq olar.