Meyvə-tərəvəz qablaşdırılan yeşiklərə və taralara (meyvə yığılan qab) etiket yapışdırılır, yəni markalanır. Burada meyvəçilik təsərrüfatının və ya tədarük idarəsinin adı, tərəvəzin təsərrüfat-botaniki sortu, kütləsi, qablaşdırıcının nömrəsi və qablaşdırma tarixi qeyd olunur. 5.1.2. Meyvə-tərəvəzin daşınmasıDaşınmanın düzgün təşkili meyvə-tərəvəzin keyfiyyətinin qorunması üçün əsas amillərdəndir. Meyvə-tərəvəzlər əsasən 3 qaydada – taralarda, tarasız və konteynerlərdə daşınır. Daşımaq üçün dəmir yolu, su, avtomobil və hava nəqliyyatından istifadə edilir (Şəkil 5.46). Dəmir yolu nəqliyyatında adi örtülü vaqonlar, germetik vaqonlar, vaqon-eşalonlar, vaqon-buzxanalardan istifadə edilir. İkioxlu vaqonlar 18-20 ton, dördoxlular isə 40-50 ton yük götürə bilir. Adi vaqonlarda tərəvəzləri payız vaxtı, xarici mühitdə mənfi 1 dərəcə selsiyə qədər soyuq olduqda daşıyırlar. 2 dərəcə selsi şaxta olduqda meyvə-tərəvəzin üstünü pambıq örtük, qalın kağız və ya samanla örtürlər. Germetik vaqonlar meyvə-tərəvəzin keyfiyyətli daşınmasını daha yaxşı təmin edir. Bayırda müsbət 30 dərəcə selsidən mənfi 45 dərəcə selsiyə qədər temperatur olduqda belə vaqonun daxilində müsbət 6 dərəcə selsi istilikdən mənfi 18 dərəcə selsiyə qədər soyuqluq yaratmaq olar. Əgər vaqon meyvə-tərəvəzin yığılmasından əvvəl soyudulmuşsa, tərəvəz daha yaxşı keyfiyyətdə qalır. Meyvə-tərəvəz növündən asılı olaraq yeşiklərə, yeşik-qəfəsələrə, səbətlərə, reşotkalara, konteynerlərə (Şəkil 5.48.) qablaşdırılaraq daşınmaq üçün hazırlanır (Şəkil 5.47). Belə qablaşdırılmış məhsul vaqonlarda ştabel (üst-üstə yığılır) qaydasında yığılır və vaqonun giriş yerindən içəriyə doğru 60 santimetr enində hərəkət üçün yer saxlanılır. Vaqonun tavanı ilə üst yeşik arasında 40-50 santimetr ara olmalıdır. Daşınma zamanı temperatur 4-5 dərəcə selsidən yuxarı, 0 dərəcə selsidən aşağı olmamalıdır. |