5.1.1. Meyvə-tərəvəzin qablaşdırılması
Qablaşdırmanın meyvə-tərəvəzin keyfiyyətli halda istehlakçılara (alıcılara, insanlara) çatdırılmasında böyük əhəmiyyəti vardır. Ayrı-ayrı məhsul növləri üçün istifadə olunan tara və qablaşdırıcı materialların müxtəlifliyi meyvə-tərəvəzin bioloji xüsusiyyətlərindən asılıdır. Meyvələri qablaşdırmaq üçün yeşiklərdən, yeşik-qəfəslərdən, səbətlərdən, tabaqlardan, habelə kisə və çəlləklərdən istifadə olunur (Şəkil 5.45). Ayrı-ayrı tara növləri keyfiyyətcə standartın tələbinə cavab verməlidir. Tara hazırlanan taxta təmiz və nəmliyi 20±2% olmalıdır. Taxtanın çox quru olması məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Qablaşdırıcı material kimi ağac yonqarından, kağızdan, kartondan, torfdan, çəltik və darı kəpəyindən istifadə olunur. Qablaşdırıcı materiallar meyvələrin zərif və ya kobud olmasından asılı olaraq dəyişir. Meyvə-tərəvəzləri qablaşdırmaq üçün standarta müvafiq olaraq müxtəlif ölçülü və tutumlu yeşiklərdən istifadə olunur. Tərəvəzləri qablaşdırmaq üçün müxtəlif yeşiklərdən, səbətlərdən, kisələrdən, habelə konteynerlərdən istifadə edilir. Qovun, kələm, soğan, tezyetişən kartof, yerkökü üçün 10-15 kiloqramlıq ikigözlü yeşiklərdən istifadə olunur. Ağbaş kələmi dəmir və su yolu ilə daşımaq üçün 50 kiloqramlıq yeşiklərə qablaşdırırlar. Göyərtinin daşınması üçün 10-12 kiloqramlıq səbət və yeşiklərdən, bəzi hallarda kisələrdən istifadə olunur (Şəkil 5.46). Pomidorun qablaşdırılması üçün 8-12 kiloqramlıq (Şəkil 5.47), qalan növ tomat tərəvəzləri üçün 20 kiloqramlıq yeşiklərdən istifadə edilir. Kartofu əsasən tutumu 450 kiloqram olan konteynerlərə qablaşdırır və həmin konteynerlərdə də daşıyırlar. Konteynerlərin ölçüləri 90x90x90 sm, kütləsi 60-65 kiloqramdır. Belə konteynerlərə 300 kiloqram başqa tərəvəzləri də qablaşdırmaq olar. Kartofun və tərəvəzlərin konteynerlərə qablaşdırılması onların nəqliyyatda yüklənib-boşaldılmasının mexanikləşdirilməsinə və beləliklə də itkinin azaldılmasına imkan verir. |