Meyvə-tərəvəzin əmtəə emalına onun keyfiyyətinə və ölçüsünə görə sortlaşdırılması, çəkilib-bükülməsi və qablaşdırılması aiddir. Meyvə-tərəvəzlər keyfiyyətinə görə çeşidləndikdən (seçildikdən) sonra, ölçüyə görə də çeşidlənir (seçilir). Ölçüyə görə çeşidlənməyə kalibirləşdirmə (ölçüyə görə eyniləşdirmə) deyilir. Meyvələrin seçilməsi və qablaşdırılması üçün 4 üsul vardır.
Adi üsulda bütün əməliyyatlar (keyfiyyətə görə seçilmə, kalibirləşdirmə və qablaşdırma) ayrıca aparılır.
M.İ.Lvov üsulunda meyvələr əvvəlcə kalibrləşdirilir, keyfiyyətə görə çeşidləmə ilə qablaşdırma eyni vaxtda aparılır.
Krım üsulunda meyvələri əvvəlcə keyfiyyətinə görə seçilir, kalibirləşdirmə və qablaşdırma eyni vaxtda aparılır. Kombinələşmiş üsulda meyvələr eyni vaxtda keyfiyyətinə və ölçüsünə görə seçilir və qablaşdırılır. Qeyri-standart hesab edilən meyvə-tərəvəzlər ya sənaye emalına verilir, ya da mal-qaraya yem üçün göndərilir. Tərəvəzlər yığıldıqda təxmini olaraq yoxlanılır və müvafiq standartlara əsasən sortlaşdırılır. Üzərindəki torpaq təmizlənməklə kartof qurudulur. Kökümeyvəlilər torpaqdan təmizlənir. Baş soğan saplağı ilə birlikdə qurudulur (Şəkil 5.44). Saplaq hissənin yaxşı quruması mikroorqanizmlərin daxil olmasının qarşısını alır. Hava yaxşı olduqda torpaqdan çıxarılmış soğanı 7-12 gün tarlada saxlayırlar.
Kartofu və kökümeyvəliləri bəzən tarlada yığılan zaman keyfiyyətə görə seçirlər. Bürüşməsin deyə saman və ya ağac kəpəyi ilə qablaşdırırlar. Soğanı uzun müddət saxlamaq üçün 7-10 gün ərzində 30-35 dərəcə selsi temperaturda qurudurlar. Soğan qabığının vəziyyətinə, ölçüsünə (oval formada olanların diametri 3 santimetr, qalanları 4 santimetr) və rənginə görə seçilir. Ağbaş kələm əvvəlcə soyuqda saxlanılıb sonra seçilir. Qış üçün saxlanılan kələmin üzərində 2-3 yapışmayan yarpağın olmasına icazə verilir. Qarpız, qovun və qabaq meyvələri ölçülərinə və keyfiyyətinə görə seçilir. Diametri 15 santimetrdən az olan qarpız standarta uyğun deyildir. Respublika standartlarına əsasən kartof və tərəvəzlər standart və qeyri-standart sortlara ayrılırlar.