Qidalanma əhalinin sağlamlığını təmin edən ən əsas amillərdən biridir. Düzgün qidalanma insanların normal inkişafını, xəstəliklərin qarşısının alınmasını, ömrün uzadılmasını, iş qabiliyyətinin artırılmasını, insanın ətraf mühitə alışmasını təmin edir.
Müasir dövrdə dünyanın bütün ölkələrində tərəvəz insanın gündəlik və əvəzedilməz qidasıdır. Uzun illər ərzində insanların müxtəlif tərəvəz məhsulları ilə daim qidalanması, orqanizmin fiziki və zehni cəhətdən formalaşmasında, sağlamlığın qorunmasında, iş qabiliyyətinin yaxşılaşmasında, uzun ömürlülüyün əldə edilməsində mühüm rol oynamışdır. Tərəvəzin davamlı qəbul edilməsi (yeyilməsi) insan orqanizminə ən vacib lazım olan maddələrlə təmin edir, iştahı artırır, həzmi asanlaşdırır, maddələr mübadiləsini, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, xəstəliklərə qarşı dözümlülüyü artırır (Şəkil 5.1). Tərəvəzlərin tərkibində insan orqanizmi üçün zəruri olan bir çox maddələr - şəkər, üzvi turşular, azotlu maddələr, yağlar, ətirli və boya maddələri, mineral duzlar, vitaminlər, fermentlər, qlükozidlər, fitonsidlər və pektin maddələri vardır. Meyvə-tərəvəzlər mineral maddələrin və vitaminlərin mənbəyidir. Tərəvəzin tərkibi onun növündən və sortundan, yetişmə dərəcəsindən, yığılma müddətindən, torpaq-iqlim şəraitindən, emalından, saxlanılma üsullarından və müddətindən çox asılıdır. Tərəvəz istehsalının mövsümi xarakter daşımasına baxmayaraq, bunlar ilboyu gündəlik qidanın tərkibinə daxil olmalıdır.
Müəyyən olunmuş fizioloji normaya əsasən, orqanizmin normal fəaliyyəti üçün hər adam ildə orta hesabla 106 kiloqram meyvə-giləmeyvə və üzüm (gündə ən azı 300 qram), 110 kiloqram kartof (gündə 300-350 qram), 130 kiloqram tərəvəz və bostan məhsulları (gündə 350-400 qram) yeməlidir. İlin bütün mövsümlərində lazımi qədər meyvə-tərəvəz istifadə edə bilmək üçün, onları müxtəlif üsullarla konservləşdirirlər.