4.3. Ali bitkilərin ümumi xarakteristikası
Ali bitkilər bizim planetimizin son dövrlərində inkişaf etmişdir. Bitki və heyvanların əmələ gəlməsi ilə əlaqədar olaraq Yer kürəsi öz örtüyünü dəyişmişdir. Bitkilərin quruya çıxması ilk dəfə paleozoy erasının silur dövrünə təsadüf edir ki, həmin dövrdə dəniz yosunlarında gedən fotosintez prosesi nəticəsində (Fotosintez prosesi Günəş enerjisindən istifadə etməklə bitki kimyəvi çevrilmə yolu ilə qeyri-üzvi maddələrdən (karbon qazı və sudan) mürəkkəb üzvi maddələr yaradır) atmosferdə oksigenin miqdarı artmış və quru canlılarının yaşaması üçün şərait yaranmışdır. Böyük ərazilərdə dağəmələgəlmə prosesi baş vermiş, Skandinaviya, Tyan-Şan və Sayan dağları əmələ gəlmiş, quru sahələrin əraziləri genişlənmişdir. Yosunların bir çoxu məhv olmuş, yalnız yeni şəraitə uyğunlaşan bəzi bitkilər inkişaf etmişdir. Bitkilərin quruluşunun sadəliyinə baxmayaraq, onlar tipik quru bitkiləri olmuşdur. Bitkilər quruya çıxarkən işığın daima olması ilə əlaqədar olaraq fotosintez prosesi aktivləşməyə başlamışdır. Bu proses bitkilərin artmasına səbəb olmuşdur. İlk quru bitkilərinin bədənləri tallom şəklində (kökləri, yarpaqları, çiçəkləri və toxumları olmur) olmuş və sonra onların formasından asılı olmayaraq fotosintez prosesini və digər mühüm funksiyaları yerinə yetirən orqan yarpaq əmələ gəlmişdir (Şəkil 4.15). Müxtəlif bitkilərin yarpaqları ayrı-ayrı mənşədən formalaşdığı üçün terminologiyada (adlandırmada) müxtəlif cür adlanır. Mamırlar şöbəsinə aid olan bitkilərin yarpaqları fillid, plaunların yarpaqları mikrofil, qıjıların yarpaqları isə vai adlandırılır. |
Ali bitkilərdə yarpaqdan başqa, mexaniki toxumalar və əsas vacib orqan olan yarpaqlı gövdəli zoğlar, köklər əmələ gəlmişdir. Paleozoy erasında ilk əvvəl ali sporlu bitkilər - mamırlar, qıjılar, buğumlular və plaunlara aid növlərin əmələ gəlməsi başlanmışdır. Mezozoy erasında bitkilər aləmində çılpaqtoxumlu bitkilər hökmranlıq etmiş, kaynazoy erasında isə örtülütoxumlu bitkilər daha geniş yayılmışdır. Ali bitkilərdə kök, gövdə, yarpağın formalaşması, çoxalma orqanlarının inkişafı, mexaniki toxumanın əmələ gəlməsi kimi yeni keyfiyyətlərin qazanılması onları ibtidai bitkilərdən tamamilə fərqləndirmişdir.