O, əsərlərində bitkilər haqqında düzgün məlumatlar vermiş, Aralıq dənizi ətrafında yayılmış
500-ə qədər bitkiləri cinslərə, növlərə və növmüxtəlifliyə ayıraraq sistemləşdirmişdir. Teofrast
bitkiləri həyati formalarına görə ağac, kol, yarımkol və ot bitkiləri kimi 4 qrupa ayırmış,
onları mədəni və yabanı bitkilər, quru və su bitkiləri, həmişəyaşıl və yarpağını tökən, çiçəkli
və çiçəksiz, dəniz və şirin su bitkiləri kimi qruplaşdırmışdır. Müasir dövrdə belə sistematika
sadə görünsə də, uzun müddət yeganə üsul olaraq tarixi və inkişaf baxımından bitki sistematikası
elminin inkişafında Teofrastın əvəzsiz rolu olmuşdur. Aristotel və Teofrast dövründən sonra dünyanın çox məşhur alimləri tərəfindən yazılmış bitki sistematikasına aid müxtəlif təkliflər, düzəlişlər edilmiş planetimizdə yayılan ali bitkilər haqqında müasir sistematika tərtib edilmişdir. Alimlər bitki qruplarının filogeniyasını öyrənərək sübut etmişlər ki, ali bitkilər öz mənşəyini qədim ibtidai bitkilərdən götürərək müxtəlif zamanlarda inkişaf etdikcə mürəkkəbləşmə prosesinə məruz qalmışdır. Filogeniya ayrı-ayrı bitki qruplarının, cinslərinin, növlərinin inkişafından bəhs edir. Bitkilərin filogeniyası elmi tədqiqatlara əsaslanır, eyni zamanda bitkilərdə əmələ gələn müxtəlif hissələrin mənşəyini aydınlaşdırmağa kömək edir. Son məlumatlara görə Yer kürəsində 500000-ə qədər bitki növü yayılmışdır ki, onlardan 300000-ə qədəri ali sporlu və çiçəkli bitkilərdir. Mamırkimilər - 35000 (Şəkil 4.9); Qıjıkimilər - 10000 (Şəkil 4.10, Şəkil 4.11, Şəkil 4.12); Çılpaqtoxumlular - 640 (Şəkil 4.13); Örtülü toxumlular - 250000 (Şəkil 4.14). Ancaq bu son deyil, dünya florası botaniklər (bitki alimləri) tərəfindən tam öyrənilmədiyi üçün hər il dünya alimləri tərəfindən 2000-ə qədər yeni növlərin təsviri verilərək elmə daxil edilir. |