Odur ki, gövdə bitkinin dirəyi adlanır. Gövdədən ayrılmış (inkişaf etmiş) budaqlara birinci sıra skelet budaqlar və s. deyilir. Meyvə bitkilərində gövdə ağac və ot tipli olur. Çiyələk bitkisində adi gövdə ilə yanaşı, üzərində seyrək tumurcuqlar yerləşən, şəkli dəyişmiş nazik, uzun, otabənzər gövdə inkişaf edir. Meyvə bitkilərində gövdənin şəkil dəyişməsinə, həmçinin, kökümsov gövdə və tikanlar da aiddir.
4.2. Bitki sistematikasının qısa tarixi
Bitki sistematikası çox qədim bir elm olub bitkilərin qohumluq əlaqələrini öyrənərək onların vahid sistem şəklində qruplara toplanmasından bəhs edir. Bitki sistematikasını öyrənmədən fitosenologiya, geobotanika, bitki introduksiyası, bitki embriologiyası, bitki seleksiyası, bitki ekologiyası, bitki fiziologiyası və s. elmləri öyrənmək mümkün olmaz. İlk insanlar gündəlik tələbatlarını ödəmək üçün yaşadıqları ərazilərdə olan bitkilərdən geniş istifadə ediblər. Onlar bitkilərdən tikinti materialları, silah, geyim hazırlamağı, qida əldə etməyi, zəhərli və dərman əhəmiyyətli bitkiləri qruplara ayırmağı bacarırdılar. Yazı icad olunana qədər bitkilər haqqında məlumat nəsildən-nəsilə şifahi olaraq keçirdi və yalnız eramızdan 6 min il əvvəl Şumerlər tərəfindən yazılı məlumatlar verilmişdir. Bunlardan ən maraqlısı eramızdan 1500 il əvvəl tərtib edilmiş və 1872-ci ildə tapılmış 20 metrə qədər uzunluğu olan Ebers papirusudur ki, orada bir sıra bitkilərin əhəmiyyəti haqqında məlumatlar verilmişdir. Beləliklə, tam əminliklə demək olar ki, bitki sistematikası botanika elminin ardıcıl olaraq ilk inkişaf etmiş sahəsidir. Bitkilərin ilkin sistemləşdirilməsi, onların bəzilərinin təsvir edilməsi eramızdan 2-3 min il əvvəl qədim Misir, Çin, Hindistan olmasına baxmayaraq, təbiət elmlərinin xüsusi mərkəzi qədim Yunanıstan hesab edilir. Təbiət elmlərinin inkişafı bütövlükdə məşhur yunan alimi Aristotelin adı ilə bağlıdır. Botanikanın atası adını isə Aristotelin tələbəsi, davamçısı və dostu Teofrast qazanmışdır. Teofrast birinci olaraq bitkilərin quruluşu, həyati formaları, yayılması, dəyişkənliyi, bitkilərə iqlimin və torpağın təsirini öyrənmişdir. |