Yarpaq - bitkinin əsas vegetativ orqanlarından biri olmaqla əsas vəzifəsi günəş işığı vasitəsi ilə havada olan karbon qazı ilə torpaqdan alınan sudan istifadə edərək üzvi maddələr əmələ gətirməkdir (fotosintez prosesi) (Şəkil 4.7). Həm də yarpağın digər vəzifəsi bitki daxilində olan artıq suları buxarlandırmaqdan ibarətdir (transpirasiya). Bəzi bitkilərdə yaşıl yarpaq təkcə üzvi maddələrin əmələ gəldiyi orqan olmayıb həm də həmin maddələrin (nişastanın) yığıldığı yerdir. Limon, portağal, naringin və zeytun bitkiləri qışa daha çox miqdarda nişasta ehtiyatı toplayır və yazda çiçəkləmə zamanı onlardan istifadə edir. Yarpaq, saplar və yarpaq ayasından ibarətdir. Bəzi bitkilərdə saplağın aşağısında iki ədəd qarşı-qarşıya və ya növbə ilə yerləşən ensiz yarpaqaltlığı olur. Meyvə bitkilərində yarpaqların forması, rəngi və tükcüklüyü, yarpağın kənarının dişliliyi, saplaqların xüsusiyyəti müxtəlif olduğu üçün növ və sortların təyin edilməsində xüsusi əhəmiyyətə malikdir. Yarpaqlar ağacların qida laboratoriyasıdır. Onlar xəstələnərsə, yaxud vaxtsız tökülərsə, ağac zəifləməyə, meyvələrini tökməyə və hətta məhv olmağa başlayır. Ona görə də bitkiləri becərən zaman diqqəti vegetasiyanın (becərmənin) əvvəlindən onların güclü yarpaq verməsinə yönəltməli və vegetasiya (becərmə) müddətində yarpaqların xəstəlik və zərərvericilərlə zədələnməsinin qarşısı alınmalıdır. Gövdə - kök boğazından başlayaraq, adətən, şaquli inkişaf edən və yan budaqlar verən mərkəzi ox hissəsidir (Şəkil 4.8). Ağacların və otların bir, kolların isə bir neçə gövdəsi olur. Ağacın gövdəsində ehtiyat qida maddələri toplanır və onun üzərində budaqlar, zoğlar, yarpaqlar, çiçəklər və meyvələr yerləşir. Gövdə bitkilərin ehtiyat qida maddələrinin toplanması üçün əksər hallarda anbar vəzifəsini, maldili, ruskus, qulançar və sairədə isə yarpaq vəzifəsini görür. Bəzi bitkilərdə (dəvətikanı, göyəm, nar, yemişan və s.) gövdənin bir hissəsi tikana çevrilərək müdafiə, digərlərində (tənəkdə, qabaqkimilərdə) dırmanma vəzifəsini görür. |