tdax - txar - istixana daxilində və xaricində olan temperatur fərqidir. tdax - qış aylarında istixana daxilində bitki üçün tələb olunan sutkalıq temperatur °C, txar - isidilmə dövründə istixana xaricində həmin ərazi üçün xarakterik olan ən aşağı (minimum) sutkalıq temperatur selsi dərəcəsi.
Ki - istixananın müxtəlif örtük materialından asılı olaraq istilik itirmə əmsalı (təcrübə-sınaq işləri nəticəsində müəyyən olunmuş rəqəm olub, xüsusi cədvəllərdən götürülür), kilokalori/kvadrat metr selsi dərəcəsi.
Düstur 4.10 saylı formula ilə istixananın isidilməsi üçün tələb olunan istilik sərfinin hesablanması aşağıdakı misalda verilmişdir.
Misal 1. Fərz edək ki, Gəncə-Qazax zonasında anqar tipli pomidor becərilən qış istixanasının isidilməsi üçün tələb olunan istilik sərfinin hesablanması tələb olunur. Burada istixana su ilə isidilir (qazanxana vasitəsilə) və örtük materialı qalınlığı 4 millimetr olan tək qat polikarbonatdır. İstixananın uzunluğu 10 metr, eni 5 metr və hündürlüyü 3 metr təşkil edir.
Hesablama aşağıdakı qaydada aparılır:
1) Əvvəlcə S - istixananı istilik itirən bütün tərəflərinin (üst və yan tərəflərin cəmi) səthinin sahəsi hesablanır
Burada - 2∙ℎ∙(𝑎+𝑏) ifadəsi iki yan tərəflərin, arxa və qabaq tərəflərin sahəsini, (𝑎∙𝑏) ifadəsi isə üst tərəfin sahəsini göstərir.
Onda verilmiş rəqəmlər əsasında istixananın istilik itirən bütün tərəflərinin (üst və yan tərəflərin cəmi) səthinin sahəsi 140 kvadrat metr təşkil edir:
𝑺=𝟐∙𝟑∙(𝟏𝟎+𝟓)+(𝟏𝟎∙𝟓)=𝟏𝟒𝟎 𝒎𝟐
Ki - qiyməti aşağıdakı cədvəldən götürülür.
Örtük materialı | İstilik itkisi, kkal/kvadrat metr dərəcə selsi |
Qalınlığı 4 millimetr olan təkqat polikarbonat | 3,3 |
Qalınlığı 8 millimetr olan təkqat polikarbonat | 2,8 |
Qalınlığı 16 millimetr olan təkqat polikarbonat | 2 |
Qalınlığı 3 millimetr olan təkqat şüşə | 5,2 |
Təkqat polietilen | 8,6 |
İkiqat polietilen | 5 |