Damcı ilə suvarma zamanı birinci olaraq suvarılacaq sahə və orada hansı bitkilərin əkilməsi planlaşdırılmalıdır. Boru kəmərlərinin, şlanqların və ayrı-ayrı damcıladıcıların yerləşməsi bitkilərin əkin sxemindən (cərgəarası və bitkiarası məsafə) asılı olaraq müəyyən edilməlidir. Suyun verilməsi üçün plastik borulardan istifadə etmək məqsədəuyğundur. Onlar həm ucuz, yüngül, paslanmayandır və ən başlıcası suvarma suyunun təmizliyi qorunur. Sahəyə su ilə lazım gəldikdə gübrələrin də verilməsini nəzərə alsaq, dəmir-çuğun borulardan istifadə etmək yolverilməzdir. Boru, şlanq və lentşəkilli xətlər torpaq üzərində, asılı vəziyyətdə və ya basdırılmış şəkildə yeləşdirilə bilər. Sistemə suyun verilməsinə xüsusi diqqət verilməlidir. Daimi su kəmərləri olmadığı hallarda ən sadə və ucuz başa gələn, ən azı bir suvarma sayını təmin edəcək su çənlərindən (ən azı 1.5-2 metr hündürlükdə olan) istifadə etmək olar. Sistemə su nasosları daxil etməklə müəyyən su mənbələrindən suyu götürüb sistemə vermək olar (Şəkil 3.22). Damcıvarı suvarma zamanı ancaq təmiz sudan istifadə məqsədəuyğundur.
Yuxarıda qeyd edildiyi kimi damcıvari suvarmada mineral gübrələrin verilməsi asan və daha səmərəli həyata keçirilir. Belə ki, adi qaydada hektara tələb olunan gübrə normasını bir suvarma sayını təmin edəcək su çənlərinə töküb qarışdırmaq və sistemə buraxmaq olar. Mineral gübrələrin damcıvari suvarma ilə birlikdə verilməsinin bir qədər təkmilləşdirilmiş üsulunda isə sistemə əlavə olaraq xüsusi maye gübrə üçün çən və ya rezervuar, injektor və dozalayıcı kran qoşulur. Bu zaman rezervuardan gələn maye qarışığı injektor vasitəsi ilə dozalayıcı krana verilir və oradan filtrə ötürülür, filtr vasitəsilə həll olunmayan gübrə qalıqları və digər mexaniki elementlər tutulur və sistemə duru maye qatışığı verilir (Şəkil 3.33).
Hazırda müasir istixanalarda gübrələmə və suvarma sistemi kompüter proqramı ilə idarə edilir və proses tam avtomatlaşdırılır (Şəkil 3.33). Burada istixana daxilində bitki kökləri yayılan hissəyə elektron nəmlik ölçən cihaz qoyulur. Həmçinin, istixanada temperaturu, transpirasiyanın miqdarını (bitki səthindən və torpaqdan buxarlanma), havanın nisbi rütubətini, günəşli saatların miqdarını ölçən elektron cihazlar qoyulur. Qeyd olunan cihazlardan informasiya kompüterə ötürülür, onlar emal olunur, suvarmanın vaxtı, müddəti və norması kompüterdə görsənir və nizamlayıcılar (rele) vasitəsi ilə hidravlik kranlar açılır, su və gübrə qarışığı bitkilərə verilir (Şəkil 3.33). Bəzən bitki becərilən torpaq və ya süni substrat məhlulunda qələvi mühit yaranır (gübrə qalıqlarının və duzlu suyun təsiri ilə). Bu zaman bitki normal inkişaf edə bilmir. Belə olan halda suvarma suyu və ya gübrə-su qarışı xüsusi çənə tökülür və məhlulun pH-ı sensor vasitəsilə ekranda görsənir. Əgər məhlulun pH-ı yüksək olarsa, yəni qələvilik çoxalarsa, bu zaman dozalayıcının köməyi ilə gübrə-su qarışığına əlavə turş məhlul (məsələn, sulfat turşusunun müxtəlif faizli məhlulu) əlavə olunur (Şəkil 3.33). Nəticədə qidalı məhlulun pH-ı normallaşır və bitkilər suvarılır.