Damci ilə suvarma ekoloji, vəsait qoyuluşu, keyfiyyətli suvarma və suvarma suyuna qənaət baxımından, xüsusilə, effektlidir.
Damcıvarı suvarmada suya 2-5 dəfə, elektrik enerjisinə 1.5-2.5 dəfə, gübrələrin suvarma suyu ilə lazım olan hissəyə birbaşa verilməsi baxımından gübrəyə 20-50 faiz qənaət olunur. Bu üsul ilə suvarmada məhsulun keyfiyyəti yaxşılaşmaqla bərabər onun məhsuldarlığı 25-50 faiz artır.
Damcıvari suvarma sistemlərinin çatışmayan cəhəti - su bulanıq olduqda sulayıcı boruların və xüsusilə, damcıladıcıların tutulması, böyük sahələrdə damcıladıcılar arasında suvarma suyunun qeyri-bərabər paylanması, quraşdırma xərclərinin çox olması, plastmas bоruların gəmiricilər tərəfindən sıradan çıxarılması təhlükəsi və s. olur. Lakin bu problemlərin həlli yolları vardır. Belə ki, damcıladıcılar arasında suvarma suyu qeyri-bərabər paylandıqda bu, onu göstərir ki, damcıladıcılardan bir neçəsinin gözü tutulub. Bu problemlə üzləşməmək üçün sistemə filtrlər quraşdırmaq və hər suvarmadan sonra sistemi yumaq və tam boşaltmaq lazımdır. Bunun üçün xəttin sonunda bağlayıcı-yuyucu hissə açılır və təmiz su gələnə qədər təmizlənilir. Damcıladıcıların təmizlənməsi üçün yuma zamanı 20 milliqram/litr xlor qarışığından istifadə məqsədəuyğundur. Hər bir damcıladıcının normal işləməsi zamanı torpaqda 30-40 santimetr (iri damcıladıcılarda 50-60 santimetr) diametrində nəm ləkə yaranır. Əgər nəm ləkə bu diametrdən az və ya tamamilə yoxdursa, deməli damcıladıcı tutulmuşdur. Belə halda onlar ya təmizlənməli, ya da dəyişdirilməlidir. Gəmiricilər olan sahələrdə daim dərmanlama aparmaq və plastik boruların kənarlarına dadı və qoxusu həmin zərərvericilərə xoş gəlməyən dərmanlar qoymaq məqsədəuyğundur.