İstixana şəraitində texniki isidilmədə, əsasən, su, elektrik və isti hava (kalorifer) ilə qızdırma geniş tətbiq edilir. Su ilə qızdırmada isidilmiş su boru xətləri vasitəsilə istixana daxilinə verilir, soyudulmuş su yenidən sirkulyasiya (dövr) edərək yenidən isidilir və proses bu şəkildə davam edir. Su ilə qızdırma təzyiq altında baş verir və bunun üçün sistemə nasos qurğuları quraşdırılır (Şəkil 3.29). Boru xəttinə filtrlərdən keçirilmiş təmiz su verilir. Şəkil 3.29-da qazanxanasız müasir isitmə sistemi təsvir edilmişdir ki, burada qazanxananı daxildə quraşdırılmış isidici ten (və ya kombi) əvəz edir. Hazırda təsərrüfatlarda su ilə qızdırma üsulunda xüsusi qazanxalardan istifadə edilir (Şəkil 3.30). İstixana şəraitində hava ilə qızdırma qurğularından da geniş istifadə edilir. Buna misal olaraq müxtəlif növ konvektorları (qurğu vasitəsilə isti-soyuq havanın mübadiləsi) və kaloriferləri (isidilmiş havanın ventilyator vasitəsilə üfürülməsi) misal göstərmək olar (Şəkil 3.30).