3.2.1. İstixanaların bünövrəsi
İstixanaların tikintisi, əsasən özülün qoyulmasından başlayır. İstixanaların bünövrəsi - daş, kərpic və ya dəmir betondan hazırlanır (Şəkil 3.25). Bünövrə möhkəm olduqda istixana karkaslarının küləyin və qarın təsirindən uçması, əyilməsi aradan qalxır. Bünövrənin dərinliyi şimal rayonlarında torpağın donma dərinliyi qədər olur. İstixananın uzununa və eninə divarları üst örtüyə qədər ucalır. Anqar və blok tipli istixanalarda bu divarlar şüşədən düzəldilir, aşağı hissəsi isə daş və ya kərpiclə hörülür. Belə olduqda istixanada işıqlanma yaxşılaşır və divarın dibində də bitki əkmək olur.
3.2.2. İstixanaların inşası üçün materiallar
Sadə konstruksiyalı müasir istixanaların inşası üçün hazırda bir çox materiallardan hazırlanmış karkaslardan istifadə edilir (Şəkil 3.26). Karkaslar, adətən, paslanmayan metaldan hazırlanır. Karkaslar örtük materialını öz üzərində saxlayan əsas dayaq rolunu oynayır. Karkaslar istixanaların quruluşuna uyğun olaraq yığılır. Anqar tipli istixanalarda onlar ferma şəklində, tunel tipli istixanalarda isə arkalar şəklində olur. Məsələn, tunel tipli istixanaların inşası üçün karkaslar arkalar və onları bir-birinə birləşdirən profillər vasitəsi ilə yığılır. Arkalar birbirindən müəyyən məsafədə qoyulur və onlar içi boş dairəvi və ya düzbucaqlı metal profillər vasitəsilə birləşdirilir ki, bu da möhkəmlik və dayaq rolunu oynayır. Arka və profillər bir-birinə müxtəlif formalı əyrilər və birləşdiricilər vasitəsilə montaj edilir. Karkasın möhkəmliyini artırmaq üçün arkaların mərkəzi hissəsindən bel tirləri quraşdırılır. |
İstixananın üst örtüyü bitkilərin inkişafı üçün tələb olunan günəş şüalarını yaxşı keçirməli və daxildə təbii işıqlanmaya imkan verməlidir. Göbələk yetişdirilən istixanalarda bu örtük qeyrişəffaf olmalıdır. Üst örtük bir tərəfə meyilli, iki tərəfə meyilli və ya sferik ola bilir. Bir tərəfə meyillilik istixanalar üçün maillik bucağı 35-45 dərəcə, iki tərəfə meyllilik istixanalar üçün maillik bucağı 25-30 dərəcə, bloklu qış istixanaları üçün 25-27 dərəcə, bloklu yaz istixanası üçün isə 18-22 dərəcə olması məsləhət görülür. Üst örtüyün əsas dayağı metal karkasdır.