Blok tipli çox fermalı (çatılı) istixanalar Bu istixanaların tipik nümayəndəsi blok tipli istixanalardır (Şəkil 3.24). Bu istixanalar bir neçə ikitərəfə meylli istixanaların blok vasitəsilə birləşdirilməsindən ibarətdir. Blok tipli istixanaların sahəsi 1 hektara qədər və daha çox ola bilər. Burada fermaların sayını istənilən qədər artırmaq mümkündür. Bu tip istixanaların əhəmiyyəti ondadır ki, torpaq sahəsindən səmərəli istifadə edilir, aralıq divarlar aradan çıxır, yerində yalnız dayaqlar qalır. Bu istixanalarda istilik rejimi asanlıqla nizamlanır və itki az olur. Bu istixanalar müasir və iqtisadi cəhətdən daha əlverişli olduğundan istehsalatda əsas yer tutur. Meyillikləri şərqə və qərbə doğru olur. Bütün il boyu istifadə edilir. Bitkilər, adətən, yerdə əkilir. Bu istixanalarda hündürlüyü artırmaqla tərəcə qurmaq olar. |
Hazırda müasir istixanaların tikintisi olduqca sadə olub, əsasən, hazır karkaslar və onları bir-birinə birləşdirən profillər vasitəsilə tez və asanlıqla qurulur. İstixananın çərçivəsi, qapı, pəncərə, nəfəsliklər və s. həmin karkas və profillər hesabına quraşdırıldıqdan sonra üstü müxtəlif örtüklər vasitəsilə örtülür və müvafiq avadanlıq və qurğularla təchiz edilib istismara verilir. Konstruksiyası sadə şəkildə olan belə istixanalar möhkəm bünövrə üzərində inşa edilir.