Dam örtüyü birtərəfə meyilli (mailli) istixanalar Bunların əsas nümunəsi Klin tipli istixanalardır (Şəkil 3.21). Birtərəfə meylli istixanalar şimaldan cənuba doğru 30-35 dərəcə bucaq altında meyilli olur. Şimal tərəfi qalın divardan ibarət olur. Şimala yaxın rayonlarda istifadə edilir. Üstün cəhəti odur ki, istilik rejimi asan nizamlanır. Bu tip istixanalar az işıqlı olur. Bir tərəfə meylli istixanaların konstruksiyası sadə olub iki tərəfə meylli istixana ilə müqayisədə az material xərci tələb edir. Lakin bir tərəfə meylli istixanaların sahəsi iki tərəfə meylli istixanalarla müqayisədə kiçik olur. Bu istixananın əkin sahəsi 50-300 kvadrat metr ola bilər. Burada əsasən, xiyar və şitil becərilir. Dam örtüyü iki tərəfə meylli anqar tipli istixanalar |
Bu istixanaların ən çox yayılmış forması anqar tipli istixanalardır (Şəkil 3.22). Bu istixanaların uzunluğu şimaldan cənuba doğru, maillikləri isə şərqdən qərbə doğru olur. Bu istixanalarda yan dayaqların hündürlüyü 1,5-1,8 metr, iki dayaq arasında olan məsafə 3 metr təşkil edir. Döşəmədən fermanın mərkəzinə qədər olan hündürlük isə 1,8-2,4 metr ola bilir. Belə istixanaların orta hissəsində sütunlar mövcuddur. Bütün il boyu istifadə edilir. Xırda sahələrdə tərəcə düzəldilir. İri sahələrdə isə bitkilər yerdə becərilir. Bu tip istixanaların mənfi cəhəti ondadır ki, inşası üçün daha çox karkas, çərçivə, profil, dayaqlar və s. lazım gəlir. Üstün cəhəti ondadır ki, arkalı istixanalarla müqayisədə müəyyən qədər ağırlığa və küləyə qarşı davamlı olur, istixana daxilində kifayət qədər hündürlük alınır. Bu isə hündür boylu tərəvəz bitkilərinin becərilməsi üçün əhəmiyyətlidir. Bu istixanalar hündür olduğundan, havalandırma və isitmə sistemi əlverişli vəziyyətdə olmadıqda, istilik yuxarı qalxır və bitkilər zəif inkişaf edir. Bundan başqa, anqar tipli istixanaların divarının quruluşundan asılı olaraq şimal tərəfinə günəş şüası az düşür, kölgə yaranır və bu hissədən daha çox istilik itirilir. Bu baxımdan qışı sərt keçən rayonlarda həmin istixanaların şimala tərəf olan divar hissəsinə istiliyi saxlayan əlavə izolyasiya materialı çəkilməlidir.
Tunel və ya arka tipli istixanalar
Tunel və ya arka tipli istixanalarda hündürlüyü azaltmaqla sahənin enini artırmaq olur (Şəkil 3.23). Bu tip istixanaların sahəsi genişləndirilməklə torpaqdan səmərəli istifadə olunur. Tunel tipli istixanaların uzunluğu arka profillərin sayından asılı olaraq dəyişir.