İstixanalar istifadə prinsipinə görə əsas və artırıcı olmaqla iki yerə bölünür (Şəkil 3.15 və Şəkil 3.16). Əsas istixanalar dedikdə burada ərzaqlıq meyvə-tərəvəz bitkilərinin becərilməsi başa düşülür. Artırıcı istixanalarda isə əkin materialı istehsal olunur. Burada əsasən, şitil, ting, çilik və s. becərilir. Təyinatına görə istixanalar şitil yetişdirilməsi, tərəvəz istehsalı, şitil-tərəvəz istehsalı, meyvə istehsalı, göbələk yetişdirilməsi, gülçülük məqsədilə ixtisaslaşır. Məsələn, xüsusi istixanalar vardır ki, onlar yalnız şitil istehsalı üçün ixtisaslaşmışdır. Meyvə və tərəvəz istehsalı üçün ixtisaslaşmış istixanalarda hər il növbəli əkin üsulu ilə ərzaqlıq məhsullar istehsal olunur. İstixanalarla oranjereya arasında elə bir fərq yoxdur. Oranjereya sitrus bitkilərinin becərildiyi istixanalara deyilir. Bəzi istixanalar da vardır ki, bu istixanalarda həm şitil, həm də ərzaqlıq tərəvəz yetişdirilir. Göbələk yetişdirilən istixanalar qeyd olunan istixanalardan fərqlidir. Belə ki göbələk yetişdirilən istixanaların örtük materialı tünd və işıq keçirməyən olmalıdır. Bundan başqa, göbələk yetişdirilən istixanaların daxilində yüksək səviyyədə rütubət yaradılır. Gülçülük istiqaməti üzrə ixtisaslaşmış istixanalarda müxtəlif növ güllər və digər dekorativ bitkilər becərilir (Şəkil 3.17). İstixana daxilində bitkilər torpaqda (Şəkil 3.18), döşəmə üzərində dibçəklərdə (Şəkil 3.19) və yaxud müxtəlif mərtəbələrdən ibarət tərəcələrdə becərilir (Şəkil 3.20). |