Tağ və ya arka tipli parniklərdə hündürlüyü azaltmaqla sahənin enini artırmaq olur. Nəticədə parniklərin sahəsi genişləndirilməklə torpaqdan səmərəli istifadə olunur. Belə parniklərdə, əsasən alçaq boylu bitkilərin, xüsusilə də, şitil yetişdirilməsi məqsədəuyğundur. Bu parniklərin müsbət cəhəti konstruksiyasının sadə olması və asan başa gəlməsi ilə əlaqədardır. Mənfi cəhəti ondadır ki, parnikin daxilində istilik zəif olduqda üzərinə düşən qar ərimədən toplanır və hava şaxtalı keçdikdə ağırlığın təsirindən karkas boruları əyilir. Sürətli küləyə qarşı davamsızdır. |
Çadır tipli (anqar) bir tərəfə və iki tərəfə meylli yerüstü parniklərin əhəmiyyəti ondadır ki, onlar müəyyən qədər ağırlığa və küləyə qarşı davamlı olur. Arkalı parniklərə nisbətən eni kiçik, hündürlüyü böyük olur. Bir tərəfə meylli parniklərin konstruksiyası sadə olub iki tərəfə meylli parniklə müqayisədə az material xərci tələb edir. Lakin bir tərəfə meyilli parniklərin sahəsi iki tərəfə meyilli parniklə müqayisədə kiçik olur.
Təsərrüfatlarda qeyd olunan parniklərin daşınan, yəni köçürülən formalarına da rast gəlinir. Bu parniklərin əsas üstünlüyü ondadır ki, hər il becərilən yer dəyişdirilə bilir. Nəticədə parnik xəstəlik və zərərvericilərdən təmiz yerdə qoyulur. Lakin bu parniklərdə dayaqlı, bir qədər torpağa salınmış daşınmaz parniklərlə müqayisədə istilik aşağı olur.
Divarları torpaq dayaqlı olan bir tərəfə və iki tərəfə meyilli xəndəkli parniklər qeyd olunan yerüstü parniklərlə müqayisədə daha isti olur. Onların konstruksiyası sadə olub az material tələb olunur. Bu parniklərin əsas çatışmazlığı günəş şüalarının yalnız üst tərəfdən düşməsi ilə əlaqədardır. Belə parniklərdə, adətən, şitil yetişdirilir.