3. Müxtəlif istixana konstruksiyaları, tipləri və avadanlıqları
Şəkil 3.1. Örtülü sahədə məhsul istehsalı
Bizə məlumdur ki, kənd təsərrüfatı təbiətdən asılı bir sahədir və hava şəraiti həmişə açıq
şəraitdə məhsul istehsalı üçün əlverişli olmur. Son dövrlərdə iqlim dəyişiklikləri nəticəsində baş verən
aramsız yağıntılar, bəzən yüksək hərarətin təsiri ilə quraqlığın yaranması və s. çatışmazlıqlar açıq
şəraitdə məhsul istehsalını, xüsusilə də, tərəvəz bitkilərinin becərilməsini çətinləşdirir. Belə olan
halda örtülü şəraitdə (qruntda) məhsul istehsalına ehtiyac yaranır (Şəkil 3.1). Örtülü sahədə il boyu
meyvə-tərəvəz bitkiləri becərilməklə əhalini təzə-tər məhsullarla təmin etmək və bitkiləri əlverişsiz
hava şəraitindən qorumaq mümkün olur.
Mövsümdәn asılı olmayaraq kənd təsərrüfatı bitkilәrini becərmək məqsədilə süni mikroiqlim
yaratmaq vә ya tәbii mikroiqlimi yaхşılaşdırmaq üçün üstü örtülü sahələr və хüsusi bitki becərilən
binalara örtülü sahələr və ya örtülü qrunt deyilir.
Örtülü sahələr aşağıdakı xüsusiyyətlərə malikdir:
- Örtülü sahələrdə bitkilərin normal inkişafı üçün süni olaraq mikroiqlim şəraiti yaratmaq mümkün
olur;
- Açıq sahəyə nisbətən örtülü sahədə torpaq sahəsi az olur. Lakin vahid sahədən daha çox məhsul
götürülür;
- Torpaq sahəsindən intensiv sürətdə istifadə olunur. Örtülü şəraitdə il ərzində eyni sahədən 3-4 dəfə
məhsul götürmək mümkün olur;
- Məhsuldarlıq çox yüksək olur. Əgər xiyar üçün açıq sahədə rekord məhsul 9-10 kiloqram/kvadrat metr
(yəni 900-1000 sentner/hektar) hesab edilirsə, örtülü sahədə bu rəqəm 20-25 kiloqram/kvadrat metr
təşkil edir. Örtülü sahədə becərilən pomidordan 10-15 kiloqram/kvadrat metr məhsul almaq olur. İl
ərzində qış istixanalarında 25-70 kiloqram/kvadrat metr tərəvəz məhsulu götürmək olar;
- Örtülü sahələr üçün uyğunlaşmış sortlar açıq sahədə becərilən sortlardan fərqlənir;
- Örtülü sahədə mexanikləşmə açıq sahəyə nisbətən zəifdir və çoxlu əl əməyi sərf olunur;
- Örtülü sahələrdə məhsulun maya dəyəri yüksəkdir. Bunun səbəbi əl əməyinin çox sərf edilməsi, tətbiq
olunan mürəkkəb aqrotexnika, süni mikroiqlim şəraiti yaratmaq üçün əlavə material və avadanlıqlardan
istifadə edilməsi, enerji xərcləri və s. ilə əlaqədardır;
- Örtülü sahələr çox gəlirlidir;
- Örtülü sahələrin mürəkkəb aqrotexnikası, orada istifadə olunan qurğuların olması işçilərin xüsusi
biliyə malik olmasını və yüksək peşə hazırlığını tələb edir;
- Örtülü sahədə açıq sahə üçün şitil hazırlanır;
- Örtülü sahələrdə il boyu məhsul istehsalının təşkili aqrar sahədə çalışan əhalinin məşğulluğu və
yeni iş yerlərinin yaranması baxımından əhəmiyyətlidir.