Qeyd olunan substratların əsas funksiyası bitki köklərini örtməkdən və mexaniki möhkəmlətməkdən ibarətdir. Məsaməlik yaratmaq və kipləşmənin qarşısını almaq üçün bu substratlara çınqıl, çay qumu və digər süxur (vermikulit, perlit, seolit, sepiolit) qırıntıları qatılır. Hazırlanmış substratlar, əsasən, dibçəklərə, polietilen torbalara doldurulur və şitil əkilir. Süni substratlar hesabına qidalı dibçəklər hazırlamaqla tərəvəz bitkilərindən yüksək məhsul almaq mümkün olur. Məsələn, Azərbaycanlı ekspert modulun müəlliflərindən olan M.M. Ələkbərova Çin Xalq Respublikasında süni substratlarda yetişdirilən tərəvəz bitkilərindən yüksək məhsul alınması texnologiyası ilə tanış olmuşdur. Burada kokopit+torf+dekorativ bitkilərin çiçək və gövdə qırıntıları qarışdırılaraq iri taxta dibçəklərə doldurulur və bir çox tərəvəz bitkiləri becərilir. Həmin dibçəklərdə bitkilər normal inkişaf edir, boyu uzanır və onlar hündür şpalerlərə qaldırılır. |