Süni torpaq yuxarıda təsvir edildiyi kimi xəlbirlərdən keçirilmiş çürüntü və çim torpağından, az miqdarda mineral gübrə və əhəng qarışığından ibarət olur.
Torpaq və çürüntü 1:1, 1:1,5 və 1:2 (1-ci rəqəm torpaq, 2-ci rəqəm çürüntünün payını göstərir) nisbətində qarışdırılır. Əgər çim torpağı qidalı olduqda hər birindən 1 hissə, az qidalı olduqda isə 1 pay çim torpağına 1,5 və ya 2 pay çürüntü qatılmalıdır.
Süni torpağı hazırlayarkən çim torpağı ilə çürüntü elə qarışdırılmalıdır ki, onlar bir-birindən seçilməsin.
İstilik məqsədilə parnikləri bioloji yanacaqla doldurmağa ən azı 5-15 gün qalmış süni torpaq hazır olmalıdır. Çünki parniklərə bioloji yanacaq (isti peyin) doldurulan kimi onun üzərinə süni torpaq qarışığı tökülməlidir ki, təzə peyinin istiliyi itirilməsin.
Qeyd olunanlardan aydın olur ki, çim torpağının və peyin çürüntüsünün hazırlanmasına bir qədər vaxt və əmək sərf edilir. Həmçinin, çim torpağı və peyin çürüntüsü düzgün hazırlanmadıqda alaq otlarının toxumu inkişaf edir və sahənin alaqlanma təhlükəsi yarana bilər. Bu baxımdan modulun müəlliflərindən olan F.Ş.Ələkbərov alaq otlarından, xəstəlik və zərərvericilərdən təmiz, yumşaq sahə torpağı götürmək və onu bir qədər təkmilləşdirilmiş formada üzvi gübrələrlə münbitləşdirməyi təklif edir. O, bunu təcrübədən keçirmiş və yaxşı nəticələr almışdır. Burada 1 hissə biohumus +0.5 hissə kül +2 hissə ələnmiş yumşaq torpaq +0,5 hissə qum ilə qidalı süni torpaq qarışığı hazırlanır və dibçəklərə doldurulur. Burada biohumus və kül qida rolunu oynayır, o cümlədən, dibçəkdə struktura və yumşaqlıq yaradır, köklərin yayıldığı hissədə su-hava rejimini normal saxlayır. Bu da zəif tərəvəz cücərtilərinin inkişafını yaxşılaşdırır. Qum isə nəmlik saxlamaqla yanaşı, dibçəkdə kipləşmənin qarşısını alır və cücərtilərin zəif köklərinin inkişafına şərait yaradır.
İstixanada bitkilər torpaqda və yaxud torpaqsız süni əkin materialında (hidroponika) becərilir. Müasir istixanalarda hidroponika üsulu ilə becərmə geniş tətbiq edilir. Torpaqdan fərqli olaraq hidroponika üsulu ilə becərilmədə şitil içərisində süni substratlar olan xüsusi qablara, dibçəklərə əkilir. Hidroponika - torpaqsız əkin üsulu olub burada bitkilər süni əkin materialında qidalı məhlul vasitəsi ilə yetişdirilir (Şəkil 2.29). Yəni torpaqdan fərqli olaraq burada bitkilər süni substratdan heç bir qida maddəsi mənimsəmir. Bitkilərin tələb etdiyi qida maddələri damcı üsulu ilə qidalı su şəklində bilavasitə bitki köklərinə verilir. Hidroponika yunan sözü olub hidro - su, poniks - iş deməkdir, yəni işçi su və ya məhlul mənasını verir. Torpaqsız (hidroponika) əkinin əsas üstünlüyü aşağıdakılardır:
Torpaqdan fərqli olaraq süni substratlarda xəstəlik və zərərverici törədiciləri, alaq otlarının toxumları olmur.