Çimlər parnik və ya istixana təsərrüfatına daşınaraq sərnə aralarındakı (parniklərarası yerlər) eni 10 metr olan yollarda otlu üzləri alt tərəfə olmaqla qalağa vurulur. Bu qalaqların alt hissədə eni 2-4 metr, üst hissədə isə eni 1,3 metr olmaqla uzunluğu sərnələrin uzunluğu qədər, hündürlüyü 1-1,5 metr olur. Bu şəkildə qalaq düzəldikdə alaq otları və onların toxumları məhv olur, çürüyüb parçalanır.
Çimli torpaq qida maddələri ilə zəngin olmadıqda çimlərin arasına 2-5 santimetr qalınlığında peyin tökülür. Turşuluq artıq olduqda isə hər kub metr çimə (peyinə düşməmək şərti ilə) 2-3 kiloqram əhəng və ya 3-4 kiloqram kül əlavə edilir.
Çim torpağının üstü (qalağın) nov şəklində çökək olmalıdır ki, atmosfer çöküntüləri və süni yolla tökülən su yığılaraq qalağın daxilinə hopsun. Bəzi hallarda çimlərdən düzəldilmiş tığlara (1-5 aydan bir) peyin şirəsi çiləmək lazımdır ki, çimlər parçalansın, bitki qalıqları çürüsün və torpaq dənəvərləşsin.
Çim torpağı istifadə edilənə kimi tığlar bir neçə dəfə (2 aydan bir) dağıdılıb xırdalanır və yenidən qalağa vurulur. Çim torpağı, istifadə olunmasına 10-30 gün qalana qədər tığlarda saxlanılır. İstifadəyə 10-30 gün qalmış, çim torpağı xırdalanır və gözlərinin diametri 1-2 santimetr olan xüsusi xəlbirdən keçirilərək yenidən tığa vurulur.
Çim torpağı hazırlamaq mümkün olmadıqda adi paxlalı otlar altından çıxmış torpaqdan, o cümlədən, meşə torpağından və ya xəstəlik-zərərverici və alaq otlarından təmiz adi münbit torpaqdan istifadə etmək olar.
Süni torpağa qarışdırılacaq çürüntünün tədarükü - burada meşə çürüntüsündən, hazır kompostdan və ya peyin çürüntüsündən istifadə etmək olar. Peyin çürüntüsü istifadə edildikdə təzə peyini 1-2 il qabaq konus formasında qalaq vuraraq çürütmək lazımdır. Burada bioloji prosesin sürətlə getməsi üçün tığa hər 2-5 aydan bir kifayət qədər su çilənməli və havalanmalıdır. Bioloji proses nə qədər sürətlə gedərsə, təzə peyin bir o qədər tez çürüyər. Bioloji proses nəticəsində mikroorqanizmlər üzvi maddələri parçalayıb minerallaşdırır. Bitkilər mineal maddələri asan mənimsəyir. Peyində qızışma zəif gedərsə, onu tez-tez qarışdırmaq lazımdır. Peyini hər dəfə yumşaldıb qalaq vurduqda onu kipləşdirmək olmaz. 1-2 il əvvəl tədarük edilmiş təzə peyin, istifadə olunan müddətə kimi tamamilə yararlı hala düşür. Peyinin həddindən artıq çürüməsinə yol vermək olmaz. Çünki onun tərkibindəki qida maddələrinin çox hissəsi itkiyə gedə bilər. İstifadəyə 10-20 gün qalmış çürümüş peyin, kompost və s. gözlərinin diametri 1-2 santimetr olan xəlbirlərdən keçirilir və narın hala salınır (Şəkil 2.29). |