Bu tip gübrələr 100 faiz xelatlaşdırıldığına görə onların tərkibində olan makro və mikroelementlər tez həll olur və bitki tərəfindən asan mənimsənilir.
Xelat nədir? Xelat - amin turşularının mineral ionlar ilə kompleks birləşməsidir. Xelat yunan sözü olub chele - xamutun qısqacı mənasını verir. Yəni xelatın əmələ gəlmə sxeminə nəzər salsaq, bu xamutun qısqacı kimi mikroelementləri özündə tutub saxlamağı təsvir edir (Şəkil 2.21).
Makro və mikro elementlərin xelatlaşması onların elə bir formasıdır ki, bu zaman bitki tərəfindən makro və mikro elementlər asan mənimsənilir. Adətən, suda həll olan gübrələrin kisələrinin üzərində EDTA sözü ilə ifadə olunur bu da, onların xelatlaşdırıldığını göstərir. EDTA (Ethylenediamine tetra acetic - etilendiamin sirkə turşusu) xelat maddəsi olub ümumi formulu - [CH2N(CH2COOH)2]2, molekul formulu isə C10H16N2O8 olan gübrə istehsalında geniş istifadə edilir. Suda həll olan toz şəkilli gübrələr qablaşdırılarkən onların üzərində İngilis dilində“Water soluble fertilizer - suda həll olan gübrə” qeyd olunur (Şəkil 2.20).
Hazırda bağçılıqda, damcı suvarma sistemi ilə torpaqda becərilən açıq və örtülü tərəvəz sahələrində, o cümlədən, torpaqsız (hidroponika) tərəvəz əkinlərində fertiqasiya üçün aşağıdakı suda həll olan maye (Şəkil 2.22) mineral gübrələr istifadə edilir:
• N3 P11 K38;
• N4 P15 K37+3MgO;
• Kalsium nitrat, N-9 faiz, Ca-11 faiz;
• Kalium nitrat N-13 faiz, K2O-46 faiz;
• MАP - N12хP61хK0;
• Мulti МKP N0хP52хK34.
Formulalarda yazılmış rəqəm həmin elementin gübrədəki faizlə miqdarını göstərir.