Pestisidlərdən istifadəyə dair təhlükəsizlik qaydaları:
Bağçılıqda bitkilərin normal inkişafı və məhsuldarlığın yüksəlməsi üçün bir çox mineral və üzvi gübrələrdən istifadə olunur. Torpağa gübrə verməzdən əvvəl onun tərkibi aqrokimyəvi analiz vasitəsilə yoxlanılmalı və qida maddələrinin miqdarı öyrənilməlidir. Bundan sonra çatışmayan qida maddələrini tənzimləmək üçün lazım olan miqdarda mineral və üzvi gübrələrdən istifadə etmək lazımdır. Gübrələrdən normadan çox istifadə etdikdə bu məhsuldarlığın azalmasına və artıq xərclərə səbəb olur. Torpaqların keyfiyyətindən asılı olaraq eyni bitkilərə gübrə tələbatı müxtəlif olur. Gübrə normalarını düzgün müəyyən etmək üçün torpaq analizləri aparmaq lazımdır və mineral gübrələrin verilməsində aqrotexniki qaydalara riayət edilməlidir.
2.6.1. Bağçılıqda istifadə edilən mineral gübrələr
Bağçılıqda istifadə olunan mineral gübrələr birbaşa quru halda torpağa, yaxud suda həll edilərək suvarma ilə birlikdə bitkilərə verilir. Məlumdur ki, quru halda mineral gübrələr əsas gübrələmə kimi şum altına və əlavə gübrələmə kimi yemləmə şəklində tətbiq edilir. Çətin həll olan gübrələr payızda və ya yazda əsas şum altına verilir. Nəzərdə tutulmuş gübrələrin ümumi dozasının çox hissəsi bu üsul ilə verilir.
Meyvə bağlarında və açıq şəraitdə becərilən tərəvəz əkinlərində şum altına verilən kalium və fosfor gübrələri tədricən parçalanaraq bitki mənimsənilən hala keçir və bitki torpaqda yaranan qida şəraitindən yazda səmərəli istifadə edir. Ümumiyyətlə, kalium və fosfor gübrələrinin illik normasının 40-50 faizi payızda əsas şum altına verilməlidir.
Əlavə gübrələmə şitil əkini vaxtı və əkindən sonra aparılır. Bunun üçün azot, fosfor və kalium gübrələri quru halda şitil əkilən yuvalara tökülür, yaxud vegetasiya dövründə kultivatorun açdığı şırımlara, bitkinin kök boğazına yaxın hissəsinə verilir.