Dərmanların saxlandığı binalar yaşayış yerindən, fermalardan ən azı 200 metr, su mənbələrindən 2000 metr aralıda yerləşməlidir.
Dərman saxlanacaq anbar və binalarda ərzaq məhsullarının saxlanmasına icazə verilmir. Uçucu və hiqroskopik (nəm çəkən) olan preparatlar kip bağlanan taralarda saxlanılmalıdır. Tərkibində su, formalin, karbation, amin duzları olan preparatlar və bütün mineral yağ emulsiyaları qışda qızdırılan binalarda saxlanılmalıdır. Temperaturun aşağı düşməsi onların keyfiyyətinə təsir edir. Defoliyant (yarpaq tökən) kimi işlədilən maqnezium-xlorid (MgCl2) və kalsium-xlorid (CaCl2) preparatlarında öz-özünə yanma əmələ gəldiyindən onlar digər preparatlardan ayrıca saxlanılmalıdır.
Anbarda saxlanılan dərmanların qruplarını müəyyən etmək üçün taraların üzərinə - defoliyantlarda - ağ, inseksid və akarasidlərdə - qara, funqisidlərdə - yaşıl, toxum dərmanlayıcılarda - göy, gəmiricilər əleyhinə olan zoosidlərdə - sarı, herbisidlərdə isə qırmızı zolaq çəkilməlidir. Anbarlara kənar adamların daxil olmasına yol vermək olmaz. Daxil olan və buraxılan dərmanların hesabatı xüsusi jurnalda aparılmalıdır. Ərzaq məhsullarının preparatlarla bir nəqliyyatda daşınmasına, tarası bütöv olmayan dərmanların, ümumiyyətlə, daşınmasına, boşalmış dərman qablarından digər məqsədlər üçün istifadə edilməsinə icazə verilmir.
Pestisidlərin tətbiqi zamanı həyata keçirilən təhlükəsizlik tədbirləri kənar şəxslərin və heyvanların dərmanlarla təmasda olmasının, işləyənlərin zəhərlənməsinin qarşısını almağa və ətraf mühitin çirklənməsini minimuma endirməyə yönəldilmiş tədbirlər kompleksidir.
Mübarizə aparılan sahənin kənarına xüsusi işarə qoyulmalı, mübarizədən ən azı iki sutka əvvəl qonşuluqda yaşayan sakinlərə məlumat verilməli, arı ailələrinin sahəyə buraxılmasının qarşısı alınmalıdır. Mübarizə aparılan sahədə əllə yerinə yetirilən becərmə işlərini davam etdirmək üçün sahəyə 4 sutka sonra çıxmağa icazə verilir. Açıq sahədə temperatur 10°C-dən yuxarı, 30° C-dən aşağı olduqda mübarizə aparılmamalı, küləyin sürəti 3 metr saniyədən çox olduqda isə mübarizə dayandırılmalıdır.
Fumiqantlardan istifadə edilərsə, fumiqasiya yalnız izolyasiya olunmuş binalarda aparılmalıdır.
Ən vacib məqamlardan biri də odur ki, aparılacaq mübarizə tədbirləri hər bir xəstəlik və ziyanvericinin bioloji xüsusiyyətləri nəzərə alınmaqla onların çoxalma və sirayətlənmə müddətlərində tətbiq edilsin.
Tərəvəz bitkilərinə, meyvə bağlarına, üzümlüklərə və s. bitkilərin məhsul yığımına 20-30 gün qalmış zəhərli maddələrin tətbiq olunması dayandırılmalıdır. Giləmeyvə bitkilərinə çiçəkləmə dövründən sonra zəhərli-kimyəvi maddələrin tətbiqi dayandırılır. Gündəlik istifadə olunan məhsullara (göy-göyərti) isə zəhərli maddələrin istifadəsi qəti qadağandır. Dərman çilənmiş və ya səpilmiş sahələrdə 3-5 gündən tez işə başlamaq olmaz.
Əgər ehtiyatsızlıq üzündən zəhərlənmə müşahidə edilərsə, ilkin yardım olaraq qatıq və çoxlu marqanslı su içirilməlidir. Əgər dərman gözə düşərsə, gözlər təmiz əllə ilıq su ilə yuyulmalıdır. Zəhərli maddələrlə işləyərkən əlləri gözə və ağıza vurmaq olmaz.
Fermerlər dərman preparatları üçün, respublikaya gətirilən Bitki Mühafizəsi İnstitutu tərəfindən sınaqdan keçirilən, lisenziya və sertifikatı olan, dərman preparatlarının satışı ilə məşğul olan şirkət və təşkilatlara müraciət edə bilərlər.